Zəlimxan Məmmədli Söyün Sadıqova “ağılsız” dedi

21 Fevral 2013 16:08 (UTC+04:00)



"Milyarderlər İttifaqı"nın üzvü Söyün Sadıqov Gürcüstanda Borçalı Partiyası yaradılır. Məlumata görə, yeni partiyanın təşəbbüs qrupu yaradılıb və atributları qəbul edilib.

Qeyd edək ki, partiyanın proqramı və nizamnaməsini qəbul edən istənilən Gürcüstan vətəndaşı qurumun üzvü ola biləcək. Bundan başqa, Azərbaycanda yaşayan Borçalı əsillilər də partiya üzvü, hətta onun rəhbərliyində belə təmsil oluna bilərlər. Boçalı Partiyasının qarşısında duran əsas vəzifə isə Kvemo-Kartli, tarixi Borçalı ərazisində muxtariyyata nail olmaqdı.

Amma Söyün Sadıqovun bu təşəbbüsü heç də birmənalı qarşılanmayıb. Hətta partiyanın yaradılmasına sərt etirazını bildirən "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Söyün Sadıqovu ağılsız adlandırıb. Z.Məmmədli AzNews.az-a açıqlamasında deyib ki, belə bir partiyanın yaradılması yolverilməzdir: "Partiyanın yaradılması ilə bağlı dərin məlumatlara malik deyiləm. Amma belə bir ideya varsa, hesab edirəm ki, bu ideya kökündən yanlışdır. Ağlı başında olan insan belə bir addım atmaz. Çünki bu ideyanın reallaşdırılması separatizmə yol açır. Dədələrinə oğulluq etməyənlərin belə bir təşəbbüslə çıxış etmələri qeyri-ciddir".

Cəmiyyət sədri qeyd edib ki, bu partiyanın yaradılması Gürcüstan tərəfindən də rədd ediləcək, çünki bu, qonşu ölkənin də maraqlarına ziddir: "Belə bir addım ölkə ərazisində sabitliyi poza bilər. Ona görə də həm Azərbaycan tərəfi, həm də Gürcüstan tərəfi belə separatçılara qarşı mübarizə aparmalıdır".

İlkin
AzNews.az