Gülər Əhmədova ilə görüş qadağandır

21 Fevral 2013 22:33 (UTC+04:00)


Bu barədə lent.az-a məlumat verən mənbənin dediyinə görə, sabiq deputat gətirildiyi gündən təcridxanada onun saxlanıldığı hissədə gücləndirilmiş rejim yaradılıb və hər şey ciddi nəzarət altındadır:"Təcridaxanaya gətirildiyi gün Gülər Əhmədovanın səhhətində və psixoloji durumunda yüngül narahatçılıq yaransa da, təcridaxana heyətinin ilkin yardımı ilə bu aradan qaldırılıb. Sonradan yenə də səhhəti ilə bağlı şikayətlər etsə də, ona yenə də təcridxananın Tibbi Sanitar bölməsində baxılıb və ciddi bir şey aşkarlanmadığı üçün kamerasına qaytarılıb".

Mənbə onu da bildirir ki, sabiq deputatın saxlnıldığı boks xüsusilə ciddi nəzarət altındadır. Hətta onun olduğu hissəyə təcridaxana əməkdaşları da məhdud sayda buraxılır: "Eyni zamanda onun yaxınları ilə görüşməsi, təcridxananın digər əməkdaşlarının o saxlanıldığı boksa yaxınlaşması da məhdudlaşdırılıb, əsas etibarı ilə qadağandır. Onun Əvəz Zeynallı ilə yaxın kamerada saxlanılması barədə deyilənlər də həqiqətə uyğun deyil. Çünki digər yerlərdə olduğu kimi bu təcridxanada da kişilər ilə qadınlar ayrı- ayrı bokslarda saxlanılır. Gülər Əhmədovanın saxlanılığı kamerada isə onunla bir yerdə bizim də ilk dəfə gördüyümüz yeni gətirilmiş qadın saxlanılır və onun da digər nəzarətçilər ilə təması qadağandır".

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan isə apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması istənilib.

AzNews.az