Elçibəyin kürəkənindən sərt açıqlama

22 Fevral 2013 09:22 (UTC+04:00)



Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin adı ətrafında növbəti spekuliyasiyalar baş verir. Elçibəy ailəsi dəfələrlə bəyan edib ki, ailə adından danışmaq hüququ yalnız mərhumun kürəkəni Aqil Səmədbəyliyə məxsusudur.

Buna baxmayaraq, mediada tez-tez Elçibəyin qardaşı Almurad Əliyevun, mərhumun qaynı Mirmövsüm Mahmudovun və digərlərinin müxtəlif açıqlamalarına rast gəlinir. Ən son qalmaqal isə Almurad Əliyevun oğlu Hürrü Əliyevin Elçibəyin adı ilə bağlı QHT yaratmaq cəhdi zamanı baş verib və bu, Elçibəy ailəsində hiddətlə qarşılanıb.

Modern.az saytının xəbərinə görə, nəhayət uzun müddətdir susan Elçibəyin hazırda Türkiyədə yaşayan kürəkəni Aqil Səmədbəyli son olaylara münasibət bildirib.

"Çox təəssüflə bildiririk ki, hələ Əbülfəz Elçibəy Ankarada xəstə yatağında ikən onun adından sui-istifadə halı başlamış və indi də davam etməkdədir. Ən son Hürrü Əliyev belə bir ləyaqətsiz addım atmaqla nə yazıq ki, Elçibəyin müqəddəs ruhunu incitmişdir"-deyə Aqil Səmədbəyli vurğulayıb.

Aqil Səmədbəyli deyib ki, Elçibəyin adı ilə bağlı olan hər kəs, istər ailə üzvləri, istər qohum-əqrabası, istərsə də onun ideyasının daşıyıcıları hər şeydən əvvəl bu adın müqəddəsliyinə xələl gətirməməlidirlər.

"Onsuz da xarici və daxildəki düşmənlər milli dəyərlərimizə zaman-zaman hücum təşkil etməklə, milləti söykənəcəkləri dayaqlardan məhrum etmək istəyirlər.
Elçibəyin adından şəxsi və cılız nəfslərini həyata keçirmək istəyi ilə hərəkət edənləri şiddətlə qınayır, bu cür davranışların heç bir əxlaqa, ləyaqətə sığmadığını bildiririk.
Eyni qaydada Elçibəyin qohumlarının maddi imkansızlığından yararlanaraq onları siyasi məqsədlər üçün alət etmənin də ləyaqətsiz davranış olduğu qənaətindəyik".

AzNews.az