“Gülər Əhmədovanın kamera yoldaşının adını açıqlamaq olmaz“

22 Fevral 2013 09:27 (UTC+04:00)
"Gülər Əhmədovanın kamerada kiminlə saxlanıldığını açıqlamaq qanunla qadağandır. Həmin şəxsin rəsmi icazəsi olmadan onun adını açıqlamaq cinayətdir". Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, saxlanılanlar barədə hər hansı bir məlumatın verilməsi qanunla qadağandır:
"Gülər Əhmədovanın kamerada kiminlə saxlanıldığını deyə bilmərik. Çünki bu qanunla qadağandır. Həmin şəxsin rəsmi icazəsi olmadan onun adını açıqlamaq cinayətdir".

Yeri gəlmişkən qeyd edək ki, sabiq deputatın kamera yoldaşının ali məktəblərdən birində rüşvətə görə saxlanılan xanım dekan olduğu deyilir.

Hazırda Ədliyyə Nazirliyinin istintaq təcridxanasında saxlanılan sabiq deputatın vəkili Eldar Qədimidən də münasibət öyrənməyə çalışdıq. O, Gülər Əhmədovanın kamera yoldaşının xanım olmasını təsdiqləsə də, onun kimliyindən xəbərsiz olduğunu söylədi. Vəkilin sözlərinə görə, həmin qadının kim olması barədə heç bir məlumatı yoxdur:

"Onun kamerasında təmizlikdir. İki nəfər qalırlar. Həkimlər onun sağlıq durumuna nəzarət edir. Kameraya daxil ola bilmədiyimdən Gülər xanımla birgə saxlanılan qadının kim olması barədə heç nə deyə bilmərəm. Biz görüşəndə ayrı otaqda görüşürük".

AzNews.az