“Emənistan azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq istəyir”

24 Oktyabr 2017 14:55 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan Yüksək Səviyyəli Görüşdə çıxışında deyib.

Nazir qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə həyata keçirilən bu siyasət və təcrübə, eyni zamanda işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir:

"Qeyd etmək lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola və münaqişənin sülh yolu ilə həlli prespektivlərini artıra bilər".