“Küçə danışıq tərzini efirə gətirirlər“

22 Fevral 2013 15:03 (UTC+04:00)


Bu barədə Trend-ə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, hazırda internet televiziya və radioların fəaliyyətinin tənzimlənməsi üçün ümumiyyətlə hər hansı mexanizm yoxdur və onlar lisenziyalaşdırılmadan fəaliyyət göstərir. Lakin, onun fikrincə, əgər efir, kabel, peyk televiziyalarının fəaliyyəti qanunla tənzimlənirsə, internet televiziyalarının və radioların da fəaliyyəti qanunla tənzimlənməlidir.
"Çünki bu eyni fəaliyyət sahəsi, eyni yayım formasıdır. Niyə də tənzimlənməsin? Bu mənim fikrimdir. Amma bununla bağlı hər hansı mexanizm hazırlanmayıb. Bunu tənzimləmək çox çətin məsələdir. Nə vaxt ki, Avropa ölkələrində bununla bağlı tənzimləmə yolu taparlarsa, biz də bir yol taparıq", - Şuranın sədri qeyd edib.

Yerli telekanallarda maarifləndirici proqramların azlığı məsələsinə münasibət bildirən Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurası televiziya kanallarının yaradıcılıq işlərinə, proqram, kadr siyasətinə qarışmır. Onlar bazar iqtisadiyyatının prinsiplərinə uyğun fəaliyyət göstərirlər. Xüsusən, özəl kanallar kommersiya maraqlarını üstün tutub onlara uyğun verilişlər hazırlayırlar.
"Əsas məsələ tamaşaçılarla bağlıdır. Əgər hər hansı kanalda maraqlı bir veriliş yoxdursa, tamaşaçı başqasına baxır. Burada reytinq məsələsi ortaya çıxır. "Əlahəzrət reytinq" hər şeyi özü müəyyənləşdirir", - Məhərrəmli sədri vurğulayıb.
Bazar iqtisadiyyatında hər şeyi bazarın və tamaşaçıların müəyyənləşdirdiyini deyən Nuşirəvan Məhərrəmlinin fikrincə, bu məsələdə inzibati üsullardan istifadə etmək doğru deyil: "Tamaşaçılar hansı verilişləri görmək istəyirlərsə, onları vermək lazımdır. Əgər tamaşaçılar bu gün daha çox serial və şou xarakterli verilişlər arxasınca qaçırlarsa, təbii ki, onları da nəzərə almaq lazımdır. Onlar da cəmiyyətin bir hissəsidir. Amma çalışmalıyıq ki, tendensiya yüksək səviyyəyə doğru olsun".
Lakin Şura sədrinin fikrincə, cəmiyyətin marağını birbaşa ödəmək üçün dövlət büdcəsindən maliyyələşən 3 televiziya kanalı - İctimai Televiziya, Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalı digərlərindən fərqlənməlidirlər.

"Bizim büdcədən maliyyələşən kanallar reytinq dalınca qaçmalı deyillər. Düzdür, reytinq o cəhətdən olmalıdır ki, orada insanları maraqlandıran verilişlər olsun. Tamaşaçılar onları maraqlandıran verilişləri görsələr, təbii ki, onlara baxarlar. Əgər camaat seriallara baxırsa, dövlət büdcəsindən maliyyələşən kanallar o serialları daha mükəmməl və daha keyfiyyətli şəkildə hazırlamalıdırlar. Orada intellektual xarakterli, yüksək səviyyəli verilişlər hazırlamalıdırlar ki, tamaşaçılar özəl kanallara yox, həmin verilişlərə baxsınlar. Yəni ictimaiyyətin maraqları orada təmin olunsun", - Məhərrəmli vurğulayıb.
Azərbaycanda elektron mediada mütəmadi olaraq Azərbaycan ədəbi dilinin monitorinqinin aparıldığını deyən Milli Televiziya və Radio Şurasının sədri hesab edir ki, hələlik bu sahədə vəziyyət qənaətbəxşdir, lakin özəl kanallardakı şou verilişlər istisna olmaqla: "Bununla bağlı vəziyyət həyəcan təbili çalınacaq dərəcədə deyil. Məsələ qənaətbəxşdir. Dövlət büdcəsindən maliyyələşən telekanallarda bu məsələ demək olar ki, həllini tapıb. Burada ciddi problemlər yoxdur. Ciddi problemlər daha çox özəl kanallarda və daha çox şou xarakterli verilişlərdə olur. O da əsasən bundan ibarətdir ki, o verilişlərə çıxan insanların bilik səviyyəsi, efir mədəniyyəti çox aşağı olur və bu özünü göstərir. Bəzən küçə danışıq tərzini efirə gətirirlər. Bu da qəbulolunan hal deyil".

AzNews.az