Raffi Ovannisyan bölgələri ayağa qaldırır

23 Fevral 2013 10:49 (UTC+04:00)



Bir neçə gündür paytaxt İrəvanın Azadlıq meydanında mitinq keçirən "İrs" Partiyasının lideri, prezident seçkilərində 37% səs aldığı açıqlanan Raffi Ovannisyan bölgə turnesinə başlayıb. APA-nın "Armenia Today" saytına istinadən verdiyi xəbərə görə, R. Ovannisyan bu gün yerli vaxtla saat 12.00-da Artaşat, saat 14.30-da Vanadzor, saat 17-də isə Gümrü şəhərlərində kütləvi aksiyalar keçirəcək.

Fevralın 22-də axşam İrəvanda keçirilən mitinqdə R. Ovannisyan Serj Sarkisyanla görüşü haqda toplaşanlara məlumat verib. O bildirib ki, görüşdə Sarkisyandan xalqın qələbəsini tanımağı, yaxud yeni seçki təyin etməyi tələb etsə də, bütün tələblərinə yox cavabı alıb: "Mənim artıq Sarkisyana sözüm yoxdur. Yalnız onu deyə bilərəm ki, xalqa qarşı güc tətbiq etməyi əmr edəcək komandir mənim və xalqın qarşısında cavab verməli olacaq. Yeni respublikanın qurulacağı günlərdə vətəndaşların təhlükəsizliyini təmin etməyəcək polislər də cavab verməli olacaq. Biz ardıcıl mübarizəyə başlayırıq. Xalq hərəkatı sönməyəcək".

"İrs" Partiyasının parlament fraksiyasının rəhbəri Ruben Akopyan isə müxalifətin qələbəsini silahla əngəlləməyin mümkün olmayacağını bəyan edib: "Hakimiyyətin ssenarisi bundan ibarətdir ki, ötən seçkilərdə müşahidə olunan vəziyyət təkrarlanacaq. Hesab edirlər ki, meydana bir neçə provokator buraxacaqlar, insanlar dağılmasa tanklar, snayperlər gətirəcəklər və hərəkat yatırılacaq. Lakin bu dəfə bu ssenari baş tutmayacaq".

R. Akopyan seçkiyə müsbət qiymət vermiş beynəlxalq müşahidəçilərin ünvanına çox sərt ifadələr işlədib: "İndi Ermənistan hakimiyyəti beynəlxalq müşahidəçilərə istinad etmək istəyir. Bu müşahidəçilər hərdən qara kürü sevən satqınlar da adlandırılır. Biz isə beynəlxalq müşahidəçilərin qiymətləndirmələrinə tüpürürük".

AzNews.az