Azəri qızı Günel Xocalı qaçqınları ilə görüşdü

24 Fevral 2013 17:19 (UTC+04:00)


Bu gün Nərimanov rayonunda Türkiyədə yaşayan sənətçi Azəri qızı Günelin və Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı qaçqınları ilə görüş keçirilib. AzNews.az-ın məlumatına görə, tədbirdə müğənni Tunar, Azəri qızı Günel, Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, Xocalı rayon veteranlar təşkilatının sədri Qafar Nuriyev və başqa rəsmi şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qafar Nuriyev Xocalıda baş verənlərdən danışıb. O deyib ki, ermənilər azərbaycanlıların başına inanılmaz vəhşiliklər gətiriblər.
Tədbirdə çıxış edən Xəlil Vəliyev bildirib ki, Xocalıda baş verənlər Azərbaycan xalqının faciəsidir. X.Vəliyev deyib ki, faciənin şahidi olaraq, hamı bundan danışmalıdır: "Kaş olmayaydı, amma dərdi paylaşdıqca azalar deyiblər. Ona görə də bura toplaşıb, dərdimizi bölüşürük. Xalqımız Xocalıda qəhrəmanlıq göstərib. Əminəm ki, işğal altında olan torpaqlarımızı azad edəcəyik. Bunun üçün ciddi işlər aparılır".
Sonra çıxış edən sənətçi Azəri qızı Günel deyib ki, torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inanır: "Mən də o acıları yaşamışam. İnanıram ki, torpaqlarımız geri alacağıq. Bu tədbiri təşkil etməkdə mənə köməklik göstərən Xocalı rayon rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm".

Müğənni Tunar da çıxışında Xocalıda baş verənlərdən üzüldüyünü bildirib: "Bütün Xocalılılara başsağlığı verirəm. Bu faciə heç kimin yadından çıxa bilməz. Allah onlara rəhmət eləsin".

Daha sonra Xocalı qaçqınları faciə haqqında danışıblar.
Tədbirdə Azəri qızı Günel və müğənni Tunar müharibə veteranları adından fəxri fərmanla təltif olunublar.
Sonda Xocalı qaçqınlarına yardım paylanılıb.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi AzNews.az xəbər portalıdır.

İlkin PİRƏLİ
Foto: Mahir Hüseynbəyli
AzNews.az