AzNews.az dövriyyədə olan saxta pullar aşkarladı- SOS! - Fotofakt

24 Fevral 2013 23:27 (UTC+04:00)

Azərbaycanda bir qrup cinayətkar tərəfindən hazırlanmış saxta əsginazlar dövriyyəyə buraxılıb.
Bu barədə AzNews.az saytına hüquq-mühafizə orqanlarında çalışan və adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Mənbənin sözlərinə görə, bu sahədəki cinayətkarlığa nədənsə laqeyd münasibət göstərilir, nəticədə isə hazırda dövriyyədəki saxta əskinazların kütləsi sürətlə artmaqdadır.
AzNews.az əməkdaşlarının apardığı araşdırmadan sonra saytımıza daxil olan məlumatın dəqiq olduğu ortaya çıxdı. Söhbət apardığımız sahibkarlar, o cümlədən mağaza sahibləri son aylar saxta pullarla tez-tez rastlaşdıqlarını və onları ayırmaqda getdikcə daha çox çətinlik çəkdiklərini bildirdilər:

"Son aylar daha peşəkarlıqla hazırlanan saxta pullarla rastlaşırıq. Bəzən onları əsl əsginazlardan seçmək belə olmur. Yalnız bank əməliyyatları zamanı bilirik ki, pulların arasında saxtaları da varmış".
Bank əməliyyatları zamanı üzə çıxan saxta pullara görə hüquq-mühafizə orqanlarına müraciət etmədiklərini, heç bank işilərinin də rəsmi qurumlara məlumat verməkdə maraqlı olmadıqlarını deyən sahibkarların sözlərinə görə, problemdən yeganə çıxış yolunu saxta pulları tanımaqda görürlər: "Artıq hamımız bilirik ki, saxta pullarla qarşılaşma ehtimalımız çox yüksəkdir. Hətta tanıdığımız, bizə çox yaxın olan insanlar var ki, bəzən onlar da bizdən alver edərkən saxta pul veriblər. Amma özlərinin bu saxtalıqdan xəbəri olmayıb, ya hansısa adamın pulunu xırdalayıblar, ya da hansısa dükandan alıblar. Saxta pullar elə peşəkar hazırlanır ki, ilk baxışda, xüsusilə şübhələnməyən adamın onu seçməsi mümkün deyil" – deyə sahibkarlardan biri bildirdi.

Araşdırmalarımız zamanı müəyyənləşdirdik ki, dövriyyədə əsasən 5, 10 və 20 manatlıq saxta əsginazlar çoxluq təşkil edir. Saxtakarlar 50 və 100 manatlıq əsginazları saxtalaşdırmaqda o qədər də maraqlı deyillər. Mütəxəsislər bunun səbəbi kimi, 5, 10 manatlığa nisbətən 50 və 100 manatlıq əsginazlara insanların daha dqqətlə yanaşdıqlarını əsas gətirdilər.

Sahibkarlar əyani olaraq göstərdikləri saxta əsginazları tanımaq yollarını da dedilər. Onları ümumiləşdiririk:

1. Saxta pullar bəzən əsl əsginazlardan 2-3 millimetr kiçik olur.

2. Saxta pulların rəngi həqiqi əsginazlara nisbətən daha açıq rəngdədir və müqayisə etdikdə, açıq-aşkar görünür.


3. Təzə saxta pullar daha "sürüşkən", daha "yağlı"dır, bir neçə dəfə əldə qatladıqda isə dərhal qat kəsir.

4. Saxta pullarda qoruyucu lent solğun rəngdədir.


5. Aşağı sol tərəfdə iri hərflə yazılan və pulun nominal dəyərini göstərən rəqəmlə Milli Bankın rəhbəri E.Rüstəmovun imzası arasında yalnız işığa tutarkən görünən fiqur (5 manatlıq əskinazda bu fiqur açıqmış kitab və lələkdir) saxta pullarda yoxdur və s.

AzNews.az saxta "5 manatlıq" əsginazlardan birini əldə edib. Məlumat üçün deyək ki, biz bu pulu əldə edərkən daha keyfiyyətli idi və fotolarda müqayisə üçün verdiyimiz əsl əsginazdan çətinliklə fərqləndiyi üçün, onu bir neçə dəfə qatlayıb-açmaq və zədələmək lazım gəldi (saxta pulların qatlanıb-açılarkən dərhal yararsızlaşdığını sezmək olur).

Fotolarını təqdim edirik:

Azər
AzNews.az