Hesablama Palatası təftişləri davam etdirir

25 Fevral 2013 11:18 (UTC+04:00)



Hesablama Palatası Ağcabədi və Goranboy rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəsinə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Beyləqan rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsini, eləcə də Ərazilərin Bərpası və Yenidən qurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına və su təmizləyici qurğunun tikintisinə ayrılan vəsaitlərin istifadəsini araşdırıb.

"APA-Economics"in məlumatına görə, palatanın keçirilən son kollegiya iclasında bu yoxlamaların nəticəsi ilə bağlı Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunub və nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına və tədbirlərə, Nazirliyin tabeliyindəki qurumların (seçmə qaydada) maliyyə təsərrüfat fəaliyyətinə ayrılan vəsaitlərin istifadəsi üzrə audit proqramı təsdiqlənib.

Bundan başqa, Təhsil Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına Liseyə, Azərbaycan Turizm İnstitutuna, Dövlət Statistika Komitəsinə, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Bakı şəhər İcra Hakimiyyətinə "Bakı şəhərində binaların təmiri, bərpası, gücləndirilməsi, işıqlandırılması, şəhərdə abadlaşdırma işlərinin aparılması, fəvvarələrin inşası və tikinti sahələrindən əhalinin və obyektlərin köçürülməsi" və "Bakı şəhərinin qəsəbələrində və kəndlərində yolların asfalt örtüyünün təmiri və işıqlandırılması" layihələrinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramları da təsdiqlənib.

Habelə, Kürdəmir və Hacıqabul rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair audit proqramları da təsdiq edilib.

AzNews.az