Şah İsmayıl Xətai və Şah Təhmasibin yeni şeirləri aşkarlandı

13 Noyabr 2017 16:19 (UTC+04:00)

AzNews.az Modern-ə istinadən xəbər verir ki, İnstitutdan verilən məlumata görə, Xətainin Ankara Milli Kitabxanasındakı əlyazma məcmuəsindən tapılmış “Şah Xətai” başlığı ilə gedən əsərləri qəzəl və qoşma janrlarında yazılıb. Onun bəzi mətbu şeirləri ilə bu əlyazmadakı şeirlər arasında fərqlər var.

Şairin əsərlərinin gələcək nəşrlərində bu fərqlər nəzərə alınmalıdır. Birinci Şah Təhmasib ana dilindəki qəzəlində Osmanlı imperatoru Sultan Süleyman qoşunlarının 1534-cü ildə Səfəvilər dövlətinə uğursuz yürüşündən bəhs edir, rəqibin məğlubiyyətini özünün müqəddəs nəsildən olması ilə izah edir.

Maraqlıdır ki, həmin məcmuədə Sultan Süleymanın da bu şeirə nəzirə olaraq yazdığı cavabı verilib. Beləliklə, I Şah İsmayıl Xətai və I Sultan Səlim arasında olan mükaliməni onların övladları I Təhmasib və Sultan Süleyman Qanuni ana dilində müşairə formasında davam etdiriblər.