Pedaqoji universitetdə qalmaqal: Rəhbərlik açıqlama verdi

14 Noyabr 2017 12:54 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Müseyib İlyasov bülletendə olan müəllimə Pərvin Cəfərovanın işdən kənarlaşdırılması və rəhbərlik etdiyi kafedrada baş verən özbaşınalıqlardan danışarkən deyib:

“Birincisi, biz işdən adam çıxarmırıq. İkincisi, Pərvin bülletendə olduğunu bizə deməyib. Onun 2017-ci ilin aprel ayının sonunda müqavilə müddəti başa çatıb. Amma rəhbərlik müqaviləni tədris ilinin sonuna kimi uzadıb. Sentyabrın 15-də dərs ili başa çatanda avtomatik olaraq, Pərvin Cəfərovanın işdən çıxması əmri verilib. O ki qaldı Pərvinin yerinə işə götürülən Fəridə müəlliməyə, mən onunla qonşu deyiləm. Harda yaşadığını da bilmirəm. Fəridə müəllimə universitetin magistraturasını bitirib və onu oradan tanıyıram. Biz Pərvini kənara atmamışıq, dərsində nöqsanları olub”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Mənsur İbrahimov saytımıza bildirib ki, Pərvin Cəfərova dərs prosesini lazımi səviyyədə apara bilməyib:

“Saytınızda “Pedaqoji universitetdə özbaşınalıq - “Kafedra müdiri arvadının istəyi ilə...” sərlövhəli həqiqətdən uzaq yazı dərc olunmuşdur. Həmin yazıya cavab olaraq aşağıdakı faktları diqqətinizə çatdırmağı məqsədəuyğun bilirik: “Pərvin Cəfərova qeyd edir ki, tanımadığı qruplarda nümunə dərsi aparıb. Bildiririk ki, müəllimin auditoriyanı tanıyıb-tanımamağının keyfiyyətli dərs demək üçün heç bir əhəmiyyəti yoxdur. Burada müəllimin fənni mükəmməl bilməsi və tədris etməsi əsasdır. Pərvin Cəfərova dərsi lazımi səviyyədə apara bilməyib. Ümumiyyətlə, dərsin mühazirə və ya seminar məşğələsi olması aydın olmadı. Pərvin Cəfərovanın qeyd etdiyi kimi, Fəridə Səmədzadənin atası Oqtay Səmədzadə Müseyib İlyasovun həyat yoldaşının işlədiyi məktəbin direktoru yox, Sabunçu rayonundakı 279 nömrəli tam orta məktəbin direktorudur. Müseyib İlyasovun həyat yoldaşı isə 82 nömrəli tam orta məktəbin müəllimidir”.

Qeyd edək ki, 13 il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasında, 9 il isə Xətai rayonundakı 55 saylı Körpələr evində müəllim işləyən Pərvin Cəfərova bülletendə olduğu zaman qanunsuz olaraq işdən çıxarıldığını iddia edib. O, bu qanunsuzluğa görə, universitet rəhbərliyini ittiham edir.

Bahar RÜSTƏMLİ
AzNews.az