Partiya sədri deputatı tənqid etdi - Reaksiya

25 Fevral 2013 14:47 (UTC+04:00)


ALP sədri: "Kiminsə saqqalını qırxmaq, cəmiyyətdən təcrid etmək, şalvarına yamaq vurmaq lazım deyil"

KXCP sədri: "Onlar qanun yaradıcılığı ilə məşğuldurlarsa, bunu qanuni, elmi əsaslarla deməlidirlər"

Fevralın 22-si Milli Məclisin plenar iclasında "Dini etiqad azadlığı haqqında" qanun layihəsinin müzakirəsi zamanı ölkədəki dinin durumu önə çəkilib. Deputat İlham Əliyev çıxışı zamanı deyib ki, qısa şalvarlıları, uzun saqqalıları cəmiyyətdən təcrid etmək lazımdır: "Bizim dini inancımız var və ona etiqad edirik. Şəhərə çıxırsan, qısa şalvarlıları, saqqalı sinəsinə düşənləri görürsən, adam nifrət edir. Çalışıb onları ya individual, ya da kompleks şəkildə cəmiyyətdən təcrid etmək lazımdır. Çalışacağıq ki, bu ünsürlər bizim aramızdan çıxarılsın".

Parlamentdəki bu müzakirə müxalifət tərəfindən birmənalı qarşılanmayıb.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan AzNews.az-a açıqlamasında deyib ki, hər kəs dini inanclarında azaddır: "Mən də müəyyən mənada təriqətçiliyin yayılmasından narahatam. Amma hər kəs dini inanclarında azaddır. Bunun üçün kiminsə saqqalını qırxmaq, cəmiyyətdən təcrid etmək, şalvarına yamaq vurmaq lazım deyil. Bu məsələni həll etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin, Təhsil Nazirliyinin xətti ilə gənclərin dini tərbiyəsini gücləndirmək lazımdır. Orta məktəblərdə dinşünaslıq fəlsəfi predmet kimi tədris olunmalıdır. Belə radikal, qıcıq yaradacaq şeylərə ehtiyac görmürəm. Barış yolu ilə həll etmək daha məqsədəuyğundur".

ALP sədri gənclərin həmin təriqətlərə üz tutmasının səbəbini işsizlikdə görür: "Məndə olan informasiyaya görə gənclərin o təriqətlərə üz tutmasının səbəblərindən biri işsizlik, sosial gərginlik, yoxsulluqdur. Əhalinin yarıdan çoxu yoxsuldursa, gənclərin dini təriqətlərə üz tutması gözləniləndir. Ona görə də ölkədə lüzumsuz gərginlik yaratmağa ehtiyac yoxdur. Bu təriqətlərə üz tutmuş gənclərlə iş aparmalıyıq, söhbət etməliyik. Bunun üçün dini qurumlara qrant ayrılmalıdır. Dövlət öz gəncinə qayğı ilə yanaşmalıdır ki, o başqa təriqətlərə, dinlərə üz tutmasın".

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da bu müzakirələri əsasız adlandırıb: "Parlamentdə geyimlə, davranışla bağlı danışırlar. Mənə elə gəlir ki, bu məsələdə savadsızlıq nümayiş etdirilir. Bəlkə də vəhhabinin adını çəkməyə qorxurlar deyə bu cür danışırlar. Hesab edirəm ki, ya bu səviyyəyə uyğun cavablar verilməlidir, ya da bu məsələ unudulmalıdır. Onlar qanun yaradıcılığı ilə məşğuldurlarsa, bunu qanuni, elmi əsaslarla deməlidirlər. Bu məsələyə başqa cür yanaşmaq lazımdır, bir nəfərin boş-boş danışıqları üzərində müzakirələr aparmaq düzgün deyil".

İlkin
AzNews.az