Elşad Abdullayevin sözçüsü mesajlarla bağlı danışdı

25 Fevral 2013 15:45 (UTC+04:00)


Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin sözçüsü Elnur Məcildli açıqlama yayıb. Modern.az-ın məlumatına görə, sabiq rektorun sözçüsü bildirib ki, MTN-nin vəzifəli şəxslərindən birinin qızı olan Səyyarə Heydərova adlı xanım ona Elşad Abdullayev tərəfindən mesaj yazıldığını iddia edib. Və bu mesajlar bu gün portallarda yayımlanıb.

"Səyyarə Heydərovaya və bütün ictimaiyyətə çatdırmaq istəyirik ki, Elşad Abdullayev bu xanımı tanımır və qəti şəkildə belə bir yazışma olmayıb. Bütün bunlar MTN-nin sabiq əməkdaşı Ramin Nağıyevin oyunlarıdır, özünü hörmətdən salmaqla məşğuldur. Şəxsən mən Ramin müəllimə bunu yaraşdırmıram. Gündəmdə qalmaq həvəsi onu bu günə salıb. Səyyarə Heydərova ilk dəfə Ramin Nağıyev tərəfindən gündəmə gətirilib, Gülər Əhmədovanın Rusiyadan videolarla bağlı saxta ekspert rəyi almaqla bağlı sənədləri açıqlayan şəxs idi. Biz onu sadəcə mətbuatdan təqib etmişik, onunla hər hansı əlaqəmiz olmayıb və biz buna ümumiyyətlə cəhd etməmişik. Ramin Nağıyev artıq aylardı mənə və Elşad müəllimə Emil Nəcəfzadə adıyla yazaraq bizdən informasiya qoparmağa çalışıb və biz onu rədd etmişik, buna nail olmayıb. Mən Emil Nəcəfzadənin mənə yazdıqlarını ictimai olaraq yayımlayacağam yazı stilinin Ramin Nağıyevə aid olduğunu görəcəksiniz".

Elnur Məcidli onu da bildirib ki, çox güman ki, Ramin Nağıyev Elşad Abdullayevin adından Facebookda saxta profil açaraq Səyyarə xanımla yazışmağa cəhd edib və uğursuz alınıb:

"Mən Səyyarə xanımdan xahiş edirəm ki, polisə müraciət etsin, əlindəki materialları təqdim etsin, İP kodla hardan yazıldığını təsbit etmək bir o qədər çətin deyil. Biz Emil Nəcəfzadə adlı profilin Ramin Nağıyev tərəfindən idarə edildiyini dəqiqləşdirdiyimiz üçün onun yazdıqlarını ciddiyə almırdıq. Ancaq Elşad Abdullayevin adından saxta profil açılması qəbuledilməzdir və bununla bağlı Fransa hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Səyyarə xanımdan xahiş edirəm ki, o da həmin yazışmaları polisə versin və bu cür saxtakarlıqlarla, ara-qatmalarla məşğul olan bir şəxsin cəzalandırılmasında bizə kömək etsin".

AzNews.az