“Riyad” Mühafizə Xidmətinin adı dəyişdirildi

20 Noyabr 2017 15:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Axar.az saytı məlumat yayıb.

“Riyad” Mühafizə Xidmətinin adının dəyişdirilməsi ilə bağlı yayılan məlumatı təsdiq edən qurumun mətbuat xidmətinin rəhbəri Fuad Mədətov bildirib ki, Mühafizə Xidmətinin adı 2017-ci ilin dekabrına qədər “Riyad” olaraq qalacaq:

“2018-ci ilin yanvarından etibarən isə lisenziyası dəyişdiriləcək və xidmət “Alov” adı ilə fəaliyyətini davam etdirəcək. Hazırda lisenziya dəyişə bilməz, çünki bu lisenziya “Riyad” Mühafizə Xidmətinin adına verilib. Adı dəyişdirilən xidmətdə heç bir struktur dəyişikliyi gözlənilmir. Hər şey olduğu kimi qalacaq”.

Qeyd edək ki, bir müddət öncə "Riyad" Mühafizə Xidmətinin lisenziyasının ləğv olunması barədə məlumat yayılmışdı. Məlumatda xidmətin fəaliyyət göstərmək hüququnun əlindən alındığı iddia olunurdu.

“Riyad" Mühafizə Xidmətinin mətbuat xidmətinin rəhbəri Fuad Mədətov verdiyi açıqlamada yayılan məlumatların tamamilə yanlış olduğunu bildirmişdi. Əlavə etmişdi ki, RMX-nin baş idarə rəisi Etibar Qasımov Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək, sözügedən qurumun adının dəyişdirilməsinə icazə istəyib. F.Mədətov bildirmişdi ki, lisenziya olduğu kimi qalıb, yalnız qurumun adı dəyişiləcək.