Bahar Muradova Ağ Evin Xocalı açıqlamasını tənqid edib

26 Fevral 2013 09:48 (UTC+04:00)
"Hesab edirəm ki, bu cür münasibət yolverilməzdir. Ona görə ki, qaydaya uyğun olaraq petisiyaya Dövlət Departamentinin nümayəndələri münasibət bildirməlidirlər. Hər halda biz öz işimizi davam etdirməliyik".

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Ağ Evin rəsmi saytında yerləşdirilmiş Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi üzrə petisiyalara verilən cavabdan narazılığını bildirərkən qeyd edib.

Daha əvvəl Ağ Evin rəsmi saytının xüsusi bölməsində Xocalı soyqırımının və Azərbaycan ərazilərinin işğalının tanınması ilə əlaqədar iki petisiya yerləşdirilmişdi. Onlardan hər ikisi ABŞ Prezidenti Barak Obama tərəfindən qiymətləndirilməsi üçün imzaların lazımi sayını (100 000) yığıblar.

Amma Barak Obama petisiyalarla bağlı xüsusi bəyanat verməyib. Ağ Ev "münaqişə sülh yolu ilə həll olunmalıdır" cavabı ilə kifayətlənib.

AzNews.az