Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun IV sammitində çıxış edib

25 Noyabr 2017 12:45 (UTC+04:00)

Nazirliyin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, toplantıda təbii qaz ehtiyatlarının suverenliyinin təşviqi, qaz bazarında sabitliyin təmin olunmasına töhfə verilməsi, üzv ölkələr arasında texnologiya mübadiləsinin yaxşılaşdırılması, forumun təbii qaz sektorunda etibarlı və lider qurum kimi mövqeyinin möhkəmləndirilməsi kimi məsələlər müzakirə olunub.

Sammitdə çıxış edən nazir P.Şahbazov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Forumun uğurlu işi ilə bağlı ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb. Azərbaycanın 2001-ci ildən etibarən Forumun işini diqqətdə saxladığını, 2015-ci ildə isə müşahidəçi statusu aldığını xatırladaraq bildirib ki, Forum enerji sahəsində qlobal çağırışların müzakirəsi, beynəlxalq qaz bazarının tənzimlənməsi, qaz istehsalı va tədarükü sahəsində yeni texnologiyaların tətbiqi uzrə təcrübə mübadiləsi və tərəfdaşlar ilə dialoq üçün effektiv bir platformadır. Karbohidrogen ehtiyatlarının quruda və dənizdə ilk dəfə olaraq Azərbaycanda çıxarıldığını vurğulayan nazir deyib ki, müstəqillik qazandıqdan sonra ölkəmiz regional və qlobal səviyyədə strateji enerji layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və fəaliyyəti Azərbaycanı qlobal enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşa çevirib. Transmilli enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması ilə Azərbaycan qazı yeni mənbə kimi Avropa bazarlarına daxil olaraq, qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq. Forum cərçivəsində energetika naziri P.Şahbazov ilə Boliviyanin energetika naziri Luis Alberto Sançes, eləcə də tədbirdə iştirak edən digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə energetika sektorunda əməkdaşlıq imkanları müzakirə olunub.

Xatırladaq ki, Qaz İxrac edən Ölkələrin Forumunun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 7 müşahidəçi (Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru) üzvü var.