Kiyevdə Xocalı facisəsi ilə bağlı etiraz aksiyası

26 Fevral 2013 14:10 (UTC+04:00)
Ukraynanın paytaxtı Kiyevdəki BMT-in və ATƏT-in nümayəndəlikləri qarşısında azərbaycanlıların kütləvi etiraz aksiyası olub. Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) AzNews.az-a verilən məlumata görə, aksiyanı Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB-SAMU) və UAK təşkil edib.

Aksiyanın keçirilməsinə şəhər meriyası etiraz etsə də sonda UAK-ın apardığı danışıqlar nəticəsində rəsmi icazə verilib. Aksiya Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xocalıya ədalət kompaniyası çərçivəsində apardığı tədbirlərin bir hissəsi olaraq baş tutub. Ardıcıl olaraq nümayəndəliklərin qarşısına yürüş edən Ukraynanın müxtəlif vilayət və şəhərlərində yaşayan azərbaycanlılar aradan 21 il ötməsinə baxmayaraq ermənilərin Xocalı şəhərində törətdikləri bəşəri cinayətə hüquqi siyasi qiymət verməyən beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər.
Etiraz aksiyasına qoşulan, türk, tatar və ukraynalı gənclər də Xocalı faciəsini insanlığa yönəlik bəşəri cinayət adlandıraraq dünya birliyini belə bir soyqırım aktına qiymət verməkdə cəsarətli addım atmağa çağırıblar: ""Beynəlxalq təşkilatlar və dünya birliyi ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrım siyasətinə vaxtında hüquqi siyasi qiymət verməsə gələcək nəsillər qarşısında bu faciəni törədənlər qədər məsuliyyət daşıyacaq! Erməni işğalına son qoyulsun! Dağlıq Qarabağ qeyri şərtsiz işğaldan azad olunmalıdır!".
Etiraz aksiyasında ATƏT-in və BMT-in Ukraynadakı nümayəndəliklərinin təmsilçiləri ilə görüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov,Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Konqresin ali məclisinin sədri Akif Gülməmmədov və Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov nüfuzlu beynəlxalq təşkilatların indiyədək erməni işğalına və təcavüzünə göz yummalarını tarixi ədalətsizlik kimi qiymətləndiriblər.

Azərbaycanlılar həmin beynəlxalq qurumları Dağlıq Qarabağ məsələsinə ikili standartlar prizmasından yanaşmalarına son qoymalarını tələb ediblər. 2 saat davam edən etiraz aksiyasının sonunda BMT və ATƏT-in Ukraynadakı nümayəndəliklərinə azərbaycanlıların etiraz qətnaməsi təqdim olunub.

AzNews.az