Məhkəmədən Tural Abbaslının xeyrinə qərar

26 Fevral 2013 17:58 (UTC+04:00)

Nəsimi Rayon Məhkəməsində Müsavat Partiyasının Divan üzvü, partiyanın gənclər təşkilatının sədri Tural Abbaslıya məxsus əmlaka həbs qoyulması barədə Nəsimi rayon Məhkəmə qərarlarının icrası idarəsinin verdiyi təqdimata baxılıb.

Bu barədə APA-ya vəkil İntiqam Əliyev məlumat verib.

İ. Əliyev bildirib ki, məhkəmə idarənin təqdimatını rədd edib.

Qeyd edək ki, T. Abbaslı yanvarın 12-də əsgər ölümlərinə etiraz olaraq gənclərin keçirdikləri aksiyada iştirak etdiyinə görə Nəsimi Rayon Məhkəməsi tərəfindən cərimələnib. Lakin həmin cərimə ödənmədiyindən onun yaşadığı evə baxış keçirilib və T. Abbaslıya məxsus olan əşyalar qeydə alınıb. Bundan sonra Nəsimi rayon Məhkəmə qərarlarının icrası idarəsi T. Abbaslıya məxsus əmlaka həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edib. Lakin T. Abbaslı siyahıya alınan əmlaklın ona məxsus olmadığını bildirib.