«Gedib özümü təslim etməliyəm ki, məni türməyə bassınlar!?»

27 Fevral 2013 09:46 (UTC+04:00)


Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Ziyalılar Forumunun təsisçilərindən olan yazıçı, kino xadimi Rüstəm İbrahimbəyov "Media forum" saytının suallarını cavablandırıb. O, hazırda Rusiya paytaxtı Moskvada olduğunu bildirib:

"Bundan əvvəl isə ABŞ, Fransa və Gürcüstanda olmuşam. Gürcüstandan Rusiyaya fevralın 26-da qayıtmışam. Bir neçə gün Moskvada qalacam. Sonra yenidən Fransaya gedəcəm. Bu səfər kino işləri ilə bağlıdır. Marseldə festival keçirəcəm. 15 ildir bu şəhərdə teatr və kino festivalı keçirirəm". R.İbrahimbəyov hələlik ölkəyə qayıtmayacağını dleyib: "Uzun müddət Azərbaycanda olduğuma görə işlərim həll edilməmiş qalıb. İndi mən o işləri görməliyəm. Fransada festivalı başa çatdırandan sonra vətənə qayıtmağa ilk imkan yaranacaq. Bu da təxminən martın 20-dən sonraya düşür. Amma bu da digər işlərdən asılıdır. Çünki hazırda əlimdə üç-dörd layihə var və onları həyata keçirməliyəm. Uzun müddət vaxtımı ictimai-siyasi məsələlərə həsr etdim, digər işlərə vaxt ayıra bilmədim. Bu da mənim işlərimə böyük ziyan vurub və indi o boşluğu doldurmalıyam. Azərbaycandan kənarda olsam da, Ziyalılar Forumu ilə çox fəal işləyirəm. Forumun üzvləri ilə hər gün əlaqə saxlayıram. Mən onlara zəng edirəm, onlar mənə yazırlar, cavab verirəm".

R.İbrahimbəyov Azərbaycana qayıtmaqla bağlı problem olmadığını deyib: "Amma məsələ ondadır ki, mən başqa informasiyalar alıram. Həmin məlumatlara görə, vətənə qayıdacağım halda məni istintaqa çağırmaq, sorğu-sual etmək istəyirlər. Düzdür, bununla bağlı rəsmi məlumat yoxdur. Hesab edirəm ki, hökumət bu informasiyaları qəsdən yayır. Amma onu deyim ki, bu yaşımda belə qanunsuz, əsassız, mənasız işlərə qarışmaq, buna vaxt ayırmaq niyyətim yoxdur. Axı heç buna ehtiyac da yoxdur. Çünki mənim əsas işim ictimai-siyasi fəaliyyət deyil, yaradıcılıq məsələləridir. İctimai-siyasi işlərlə bir vətəndaş kimi məşğul oluram. Başqa sahələrdə xeyli işim var. Böyük problemləri həll edirəm və etməliyəm. Azərbaycana ona görə gəlirdim ki, ora mənim vətənimdir. Vətən üçün darıxıram. Əgər vətən mənə belə münasibət göstərirsə, deməli, fasilə verməliyəm və bunu edirəm".
O, martın sonunda ölkəyə qayıtmayacağını istina etməyib. Bildirib ki, bu barədə qərarı martın sonunda verəcək.

Rüstəm İbrahimbəyov özünə qarşı cinayət işi açılacağı təqdirdə ölkəyə qayıdıb qayıtmayacağı barədə sualı da cavablandırıb: "Bunu nəyə görə etməliyəm? Mən bəyəm dəliyəm? Normal insanam və hər şeyi aydın görürəm. Bunu yalnız siyasi lider, prezident olmaq istəyən şəxs edər. Çünki belə siyasi xarakterli həbs siyasətçinin nüfuzunu daha da artırır. Mən sıravi vətəndaş və ziyalı kimi mövqeyimi hər zaman bildirirəm və bundan sonra da bildirəcəm. Deyirəm ki, Azərbaycanda yaranmış vəziyyət dözülməz hal alıb, insanlar buna dözməməlidir və vəziyyəti dəyişdirməlidirlər. Bunu mütləq etmək lazımdır. Ölkədə baş verənlərlə bağlı mövqeyimi və sözümü açıq formada deyirəm. Əgər məni türməyə salsalar, bu imkanlar əlimdən alınacaq. Buna zərurət varmı? Azərbaycanda hakimiyyət zəbt olunub, ölkə tamamilə qanunsuz yollarla idarə edilir. İndi könüllü gedib özümü onlara təslim etməliyəm ki, məni türməyə basın? Mən bunu etməyəcəm. Onlara təslim olmaq niyyətim yoxdur. Bu, hökumət deyil axı. Azərbaycan vətəndaşları mənim həbsxanaya salınmağıma razı olarmı? Ölkəyə gəlməyim heç nəyi dəyişmir, vəziyyətə bir faiz də olsun təsir göstərmir. Mənim gəlməyim kimə, hansı formada kömək edir? Kənarda olsam da, proseslərin içindəyəm. Siyasətçi olmasam da, fikirlərimi söyləmişəm və söyləyəcəm. Azərbaycan indi həbsxanadır. Hökumət qanunsuz yolla idarə olunur. Lazım olsa, vətənim uğrunda canımı da qurban verərəm - amma bunun bizim məqsədimizə çatmağımıza bir faydası olsa. Əgər hökumət məni həbsxanaya salsa, insanların və beynəlxalq ictimaiyyətin başı bu məsələyə qarışacaq və hökumət də prezident seçkisini istədiyi kimi keçirəcək. Sonra da məni həbsxanadan azad edəcəklər ki, bağışlayın, səhv etmişik". Kinodramaturq akademik Eldar Salayevin başına gətirilən oyunları misal gətirib: "Bu yadımızdan çıxmayıb. Onun kimi görkəmli alimimizi həbsxanaya saldılar, bir neçə ay qanunsuz həbsdə saxladılar, gözləri tutulandan sonra buraxdılar. Sonra da utanmadan dedilər ki, bizi bağışlayın, bir səhvdir etmişik. Hazırda kommunikasiya vasitələri inkişaf edib, internet, telefon var. Hansı ölkədə olmağımdan asılı olmayaraq fikirlərimi çatdıra bilərəm".

Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı qaldırılan cinayət işi ilə bağlı hər gün məlumat aldığını deyən R.İbrahimbəyov yeni xəbər açıqlayıb: "Hökumət Azərbaycan Kinematoqrafçılar İttifaqını tamamilə bağlamağa çalışır. Bunun üçün müxtəlif bəhanələr axtarırlar. Ədliyyə Nazirliyi yazıq duruma düşüb və ordan deyirlər ki, heç bir qanun pozuntusu tapmırıq, ona görə də ittifaqın dövlət qeydiyyatını ləğv edə bilmərik. Amma yuxarılardan nazirliyə təzyiq göstərirlər ki, necə olursa olsun, ittifaqı bağlayın. Hazırda heç bir istintaq getmir. Vəkillər bu işlə məşğuldur. Bu cinayət işi tamamilə əsassız və qanunsuzdur. Özlərindən nəsə uydurublar, bir neçə ay keçəcək həmin cinayət işini bağlamağa məcbur olacaqlar".

AzNews.az