Fransada ermənilərin döydüyü azərbaycanlı qız danışdı

27 Fevral 2013 11:48 (UTC+04:00)


Fransada ermənilər tərəfindən Xocalı ilə bağlı Azərbaycan həqiqətlərini dediklərinə görə döyülən soydaşımız, Parisdəki "Azərbaycan Evi"nin sədri Mirvari Fətəliyeva hadisəni Modern.az saytının əməkdaşına danışıb.

O bildirib ki, həmin gün tədbirə ermənilərin mövqelərini dinləmək üçün getmişdilər.

"Yəni heç bir provakasiya fikri yox idi. Biz sadəcə konfransı dinləməyə getdik. Fikirləşdik ki, diskussiya olar, biz də sivil insanlar kimi bu diskussiyaya qoşularıq. Lakin tədbir bağlandı, heç bir suala cavab verilmədi. Sonda ermənilər bir dəqiqəlik sükutla "Sumqayıt şəhidləri"nin yad olunmasını elan etdilər və biz bu sükuta qoşulmayaraq ayağa qalxmadıq. Qalxmadığımız üçün hamısı üstümüzə qışqırdı ki, "Ayağa qalxın!", "Ayağa qalxın!".

Mən də qalxıb dedim ki, "Xocalı soyqırımında şəhid olmuş insanların bu gün 21-ci ildönümüdür, onların ruhu şad olsun deyə, biz ayağa qalxırıq və bir dəqiqəlik sükutu onlara həsr edirik". Biz bunu deyib ayağa qalxdıq. Bir dəqiqəlik sükutdan sonra bizim üzərimizə hücum etdilər və bu da Fransa deputatları, senatorlarının gözü qarşısında baş verdi, heç bir müdaxilə edilmədi. Oradan mən çox möcüzəli şəkildə sağ çıxdım. Vüsal bir az çox xəsarət aldı. Biz yenidən çaşıb, həmin otağa qayıtdığımız üçün yenə bizi tutdular və Vüsala çoxlu zərbə endirdilər. Məni isə sillələdilər, üzümə təpiklə vurdular və mən yenə də onların əlindən qaçıb, iclas keçirilən başqa bir zala girdim və qışqırdım ki, "bizi döyürlər, bizi öldürəcəklər!". Ondan sonra Vüsalı zala gətirdilər və prosedur bu cür davam etdi. Bu hadisədən sonra səfirliyimiz bütün prosedurlar üçün bizi himayədarlığa götürdü. Bu gün artıq polisə şikayətimizi gedib edəcəyik".

M.Fətəliyeva bildirib ki, bu barədə müraciətlər artıq səfirlik tərəfindən hazırlanmaqdadır. "Fransa parlamentinə, prezidentinə, senatorlara, bütün Avropa Şurasına yəqin ki artıq müraciətlər göndəriləcək".

AzNews.az