ABŞ səfirliyi İlqar Məmmədovun xahişinə cavab verdi

27 Fevral 2013 12:01 (UTC+04:00)
ABŞ səfirliyinin mətbuat xidməti REAL hərəkatı sədri İlqar Məmmədovun bəzi məmurlara viza qadağası istəyinə cavab verib. "Azadlıq" radiosuna göndərilən açıqlamada deyilir: "Fərdlərə viza verilməsi məsələsinə müraciət vaxtı baxılır, konsulluq rəsmisi konkret hal üzrə faktları nəzərdən keçirir və ABŞ qanunları çərçivəsində viza mümkünlüyünə dair qərarını verir".

Həbsdə olan İlqar Məmmədov Avropa Parlamentinə və ABŞ Konqresinə müraciət hazırlayaraq hakimiyyəti ona qarşı saxta cinayət işi açmaqda ittiham edib və bəzi məmurlara viza qadağası qoymağa çağırıb. Siyahıda Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərovun, baş prokurorun birinci müavini Rüstəm Usubovun, prokurorluq əməkdaşları Eldar Əhmədov, Pərviz İbayev, Səttar Rzayev, Nadir Mirzəyev, Qasım Məmmədovun, hakimlər Emin Mehdiyev, Faiq Qasımov, Sahibxan Mirzəyev, Camal Ramazanovun adları yer alır.

ABŞ səfirliyinin mətbuat xidmətindən "Azadlıq" radiosuna açıqlamada İlqar Məmmədovun 23-24 yanvar İsmayıllı hadisələrinə görə tutulmasına da toxunulub: "Biz Azərbaycan hakimiyyətini qanuni prosedurlara əməl etməyə, şəffaf və ədalətli hüquqi prosesi təmin etməyə, vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığına hörmətlə yanaşmağa çağırırıq".

AzNews.az