Paytaxtda gəzən təhlükə - Video

7 Dekabr 2017 11:44 (UTC+04:00)

Bir neçə gün əvvəl paytaxtın mərkəzi küçələrində yanında sahibi olan doberman cinsli itin azyaşlı uşağa hücum etməsi, əslində bəzi heyvansevərlərin ətrafa biganə münasibətinin təzahürüdür. Belə olmasaydı, bəslədiyi heyvana rəhmli davranan şəhər sakini, ətrafındakılara da hörmət bəsləyər və belə bir hadisəyə zəmin yaratmazdı. Qeyd edək ki, buruntaqsız gəzdirilən doberman cinsli it azyaşlıya hücum edərək onu asfaltın üzərində sürüyüb, paltarını dartışdırıb və parçalamağa çalışıb. Uşağın vəziyyəti haqqında məlumat olmasa da, onun ciddi psixoloji sarsıntı keçirdiyi bəllidir.

İtlərin insanlara hücumları böyük şəhərlərdə rast gəlinən problemdir və etiraf edək ki, Bakı bu mövzuda Moskva və İstanbuldan geri qalır. Amma bu, heyvansevərlərin ətrafa biganəliyinə əsas verməməlidir. Ev heyvanlarının saxlanılma qaydaları da itin xaltasız və ağızlıqsız gəzdirilməsini qadağan edir. İtlərin uşaq və idman meydançalarında, uşaq idarələrinin həyətlərində, təhsil və tibb qurumlarının həyətlərində gəzdirilməsi də qadağandır. Ev heyvanlarını yanında nəzarət edən şəxs olmadan gəzməyə buraxmaq, nəzarətsiz qoymaq, itlərlə mağazalara, yeməkxanalara, həmçinin, digər yerlərə daxil olmaq da olmaz. İtləri yalnız itlər üçün nəzərdə tutulmuş xüsusi ərazilərdə gəzdirmək olar. Təəssüf ki, bu qaydalara riayət etməyənlər də var.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəliyevin AzNews.az-a verdiyi məlumata görə, itlərin hücumuna məruz qalmış şəxslərin Dövlət Baytarlıq Xidmətinə müraciətinə çox da rast gəlinmir. Belə hücuma məruz qalmış şəxslər ilk növbədə əhalinin təhlükəsizliyinin təmininə görə məsuliyyət daşıyan polisə müraciət etməlidir:

“Burda insan xəsarətindən söhbət getdiyi üçün bu halda polis əməkdaşları it sahibinin onun saxlanılması qaydalarına əməl etmədiyinə dair protokol tərtib edir. Belə halların qarşısını almaq üçün mütəmadi olaraq bizim qurum da, bələdiyyə və icra orqanları da bu sahədə maarifləndirmə işləri aparır. Ev heyvanları nə avtobusda, nə parkda buruntaqsız gəzdirilməməlidir. İnsana hücum edib-etməməsindən asılı olmayaraq, bütün heyvanlar buruntaqla gəzdirilməlidir”.

Qeyd edək ki, ev heyvanlarının saxlanılması haqqında Nazirlər Kabinetinin müvafiq qərarı da var. Təsdiqlənmiş qərara görə, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın sonuncu bəndi elə maariflənmə ilə bağlıdır: “Yerli icra hakimiyyəti orqanı, Dövlət Baytarlıq Xidməti ev heyvanlarının saxlanması, damazlığı, təlimi, ticarəti və himayəsi ilə məşğul olan şəxsləri maarifləndirməli və onlarla müvafiq təbliğat işi aparmalıdırlar”.

Deməli, canlılar arasındakı vəhdəti tənzimləmək öz əlimizdədir. Yetər ki, ətrafımıza sayğı duyaq.

Lalə Nurəddinqızı
AzNews.az