Online həkim xidməti

27 Fevral 2013 17:11 (UTC+04:00)



Artıq "103" xidmətinə zəng vurarkən ünvanı deməyə ehtiyac qalmayacaq.

Yaxın zamanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına hər bir stasionar telefondan daxil olan zənglərin telefon nömrəsi və ünvanı online şəkildə təyin olunacaq. Bu da hadisə yerini daha dəqiq təyin etməyə və operativ xidmət göstərməyə şərait yaradacaq.

Bu məsələ ilə bağlı "103" mərkəzi dispetçer xidmətinin təkmilləşdirilməsi prosesi gedir. İşlərə noyabr ayından start verilib. Yeni dispeçer xidməti yaradılıb və GPRS sistemi ilə təchiz olunub, təcili yardım avtomobillərində lazımı qurğular quraşdırılıb.

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, son zamanlar təcili tibbi yardıma daxil olan müraciətlərin sayı 35-40% artıb. Bu müraciətlər arasında yanlış çağırışlar olduğunu nəzərə alsaq yeni sistem vaxt itkisinin, çağırışa etinasız yanaşmanın və yanlış müraciətlərin daxil olmasının qarşısını alacaq.

Baş həkim deyir ki, təcili tibbi yardım avtomobillərinin yalnız köməkçi stansiyalarda deyil, əhalinin sıx məskunlaşdığı və hərəkət etdiyi ərazilərdə xidmət etməsi yeni sisteminin tətbiqini daha da asandlaşdıracaq. Qeyd edək ki, 103 xidmətinin online təşkili Elektron hökümət portalı layihəsi çərçivəsində hazırlanır.

Texnologiyaların son nailiyyətləri ölkəmizdə yeni-yeni tətbiq olunmağa başlanılsa da artıq dünyanın bir sıra ölkələrində müasir texnologiyalardan geniş istifadə edilir. Bəzi Qərb ölkələri və ABŞ-da insanların tibb tarixçəsini əks etdirən çiplərin yerləşdirilməsi nəzərdə tutulub. Bu çiplərdə insanların doğum tarixi, qan qrupu, yaşı, valideynləri haqda tibbi məlmatlar, qan yaddaşı, indiyə qədər keçirdikləri xəstəliklər, aldıqları müalicələr hamısı əks etdirilir. Məsələn, əgər insan küçədə haradasa yıxılarsa, onun çiplərinə müəyyən dedektor tutacaqlar. Və artıq o insana necə yardım edə biləcəklərini müəyyənləşdirəcəklər.

Bizə yaxın olan qonşu dövlətlər tibb sahəsində xeyli irəli gediblər. Məsələn, Rusiyanın Sankt-Peterburq şəhərində ev şəraitində mütəxəssislərin məsləhət verməsi, diaqnostik müayinə, analizlərin yığılması, massaj, USM, EKQ və s. keçirmək mümkündür.

Bu yeni sistem bütün kateqoriyadan olan pasiyentlər, xüsusilə də pensiyaçılar, yaşlı insanlara böyük kömək olur. Bu xidmətin çox böyük üstünlükləri var. Məsələn, pasiyentə individual şəkildə tibbi xidmət göstərilir, heç bir növbə gözləməyə ehtiyac duyulmur, xüsusilə də infeskiya mənbələri ilə minimum həddə kontaktda olur.

Bundan başqa, bu insanların artıq stressdən və narahatlıqdan xilas edir. Bu, onların həm psixoloji, həm də fiziki gərginlikdən qurtarır.

AzNews.az