Elşad Abdullayevin sensasion Videosu (3 hissə)

27 Fevral 2013 23:31 (UTC+04:00)
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yeni videosu yayılıb. Videoda özünü Prezidenin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən Səftər adlı şəxslə söhbəti əks olunub. Səftər olduğu bildirilən adam Elşad Abdullayevdən Mahir Abdullayevin qaytarılması müqabilində pul istəyir.








Videodakı söhbətlərdən belə aydınlaşır ki, bu kadrlar Mahir Abdullayevin oğurlanmasından 10 ay sonraya, yəni, 2004-cü ilin avqustuna təsadüf edir. Həmin görüntülərdə Səftər Kələntərov Elşad Abdullayevdən qardaşının işilə əlaqədar Sankt-Peterburqa gedib-gəlmək üçün 3 min dollar pul istəyir. Deyir ki, Sahib və Natiq bu işlə əlaqədar gedib oradan "zapiska" gətirməlidir. Onu gətirəndən sonra burada bacı-qardaşı Mahirlə telefonla danışa biləcək. Mahir Abdullayevin harada saxlanılmasına gəlincə, Səftər Kələntərov onun Çeçenistanda olduğunu bildirir.
Sabiq rektor isə deyir ki, həmin Sahib və Natiq ondan bu məqsədlə 20 min dollar pul alıb. Adları çəkilən şəxslərin bu hərəkətlərindən əsəbiləşdiyini deyən Elşad Abdullayev onlardan bunun qisasını çox ağır şəkildə alacağını bildirir: "Onlar məni aldada bilməz. Gətirsinlər qardaşımı versinlər, onların ayaqlarının altından öpüm. Onlar bilmir ki, mənə qarşı olan münasibəti bağışlamayacam? Mənim də bağışlamamağım baha başa gəlir. Bütün nəslini itirər o adam. Onlar elə bilirlər ki, onları tanımıram. Amma onların kimliyini açmaq üçün mənə yarım saat vaxt lazımdır. KQB-də, prokurorluqda, MVD-də elə bir adam yoxdur ki, onun diplomunda imzam olmasın".
Elşad Abdullayev daha sonra əlavə edir: "Səftər, deyirsən ki, 3 günə gedib-gələcəklər. Mən də 3 gün yox, bir həftə vaxt verəcəm. 3 min dolları da verəcəm. Əgər vaxtında gəlməsələr, səndən o 3 minin əvəzinə 30 min alacam".
Səftər Kələntərov da razılaşır.
Söhbətdən o da məlum olur ki, Səftər Kələntərov Elşad Abdullayevə qardaşının görüntüləri olan video-kaset və fotolar gətirməyi vəd edib. Ona görə də Elşad Abdullayev ondan həmin görüntüləri tələb edir: "Dediyin videonu, şəkilləri gətir, 3 min yox e, lap 5 min verim. Heç o 20 minin üstündən də xətt çəkərəm".
Söhbət əsnasında Elşad Abdullayev deyir ki, BDU-da Axundovun elmi rəhbəri olub. Çox güman ki, söhbət Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri, general Vaqif Axundovdan gedir: "Hüquq fakültəsini qiyabi qurtarıb. Rəhmətlik Məmmədxan müəllim ona köməklik etdi. KQB-nin naziri də mənim tələbə yoldaşım olub. O gün mənə zəng edib deyir ki, məni niyə təbrik etmirsən?
Lazım olsa Arif Paşayevlə də görüşə bilərəm (onun köməkçisinin vizit kartını göstərir)".
Daha sonra Elşad Abdullayevin kabinetinə bir ağsaqqal daxil olur. Rektor ona "Isgəndər müəllim" deyə müraciət edir və onu deputat kimi təqdim edir. Bu arada söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə barədə olur.
Sözügedən ağsaqqal bacısı oğlunu ABU-ya qəbul etdirmək üçün xahişə gəlibmiş. Elşad Abdullayev ondan həmin abituriyentin sənədlərini istəyir: "Sənədlərini yığ gətir, Məleykə xanıma yazaq, görək nə olur. Orada da vəziyyət yaxşı deyil e. 650 bal yığanlar var e, onlarla bağlı qırğın-davadır".
Söhbət əsnasında Elşad Abdullayev bildirir ki, Məleykə Abbaszadənin vəziyyəti yaxşı deyil, məsələ prezident səviyyəsində müzakirəyə çıxarılıb.
Sabiq rektor danışıqlarda onu da qeyd edir ki, qaynı da MTN-in polkovnikidir.