Dərsliklərə tərs yozum

28 Fevral 2013 10:24 (UTC+04:00)


Elxan SALAHOV

Bu yazını iki dövlət qurumunun dərslik mübahisəsinin ağrılarına dözməyib gerçəkdən ağlayan müəllimlərə ithaf edirəm. O müəllimlər ki, kurrikulum əsasında tədris metodikasına yiyələnmək, yeni qaydalara uyğunlaşmaq üçün bəlkə də şagirdlərdən çox zəhmətə qatlaşmalı olub. Bu müəllimlərdən bir neçəsi dərslik ətrafındakı söz-söhbətlərə münasibətlərini ağlaya-ağlaya bildirdilər. Bunu ötən şənbə televiziya kanallarının birində gedən süjetə baxan hər kəs gördü...

Uzun müddətdir təhsilin mövcud durumuna görə bir-birinin ünvanına üstüörtülü atmacalar atan iki dövlət qurumu arasındakı mübahisələr məhkəmə müstəvisinədək uzana bilər. Söhbət Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasındakı dərslik mübahisəsindən gedir. Hər şey ondan başladı ki, ölkə başçısının fərmanı ilə dərsliklərin monitorinqi Təhsil Nazirliyindən alınaraq TQDK-ya verildi. Bu səlahiyyətin TQDK-ya verilməsi təsadüfi deyildi: Dövlət Komissiyanın dərsliklərdən də ciddi elmi-metodiki səhvlərin olduğuna dair son bir neçə ildə nazirliyin ünvanına ittihamlar səsləndirirdi və nə qədər ağrılı olsa da, bu iradların əksəriyyəti haqlı idi. Söhbət təhsil və dərslik kimi son dərəcə strateji, dövlət əhəmiyyətli məsələdən getdiyindən bu, ictimaiyyətdə də ciddi rezonans doğururdu.

Ötən həftə TQDK-nın birdən-birə 5 dərsliyin (I siniflər üçün "Azərbaycan dili" və "Riyaziyyat", III siniflər üçün "Azərbaycan dili", "Riyaziyyat" və "Həyat bilgisi") istifadəsinin məqsədəuyğun hesab edilməməsi barədə çıxardığı qərar isə iki dövlət qurumu arasındakı mübahisələri kulminasiya həddinə çatdırdı. Məsələ o dərəcə tərs inada çevrildi ki, Təhsil Nazirliyi TQDK-nı özünün səlahiyyətinə aid olmayan qərarlar verməkdə günahlandırdı. Qarşı tərəf isə öz mövqeyini israrla müdafiə edərək həmin 5 dərsliyin tədrisini məqbul saymadığını təkrar-təkrar əsaslandırmağa çalışdı.

Əslində nə baş verir: iki dövlət qurumu arasında uzun müddətdir davam edən dərslik mübahisəsində tərəflərdən hansı haqlıdır?

Məsələ ondan ibarətdir ki, TQDK-nın dərsliklərin tədrisini məqsədəuyğun hesab etməmək, yaxud orta məktəblərdə tədris olunan hansısa vəsaitin ləğvi barədə qərar çıxarmaq üçün hüquqi səlahiyyəti yoxdur. Dərsliyin çapına və tədrisinə də, onun ləğvinə də Təhsil Nazirliyi qərar verə bilər. Çünki dərsliklərin necə və hansı kriteriyalara uyğun hazırlanması, çapı və istifadəsi qaydaları Təhsil Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilir və tənzimlənir. TQDK isə ötən ilin aprelində ölkə başçısının müvafiq fərmanı ilə ona verilmiş səlahiyyətlərə uğun olaraq, "ümumi təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi" ilə məşğul olur.

Bu mübahisələrin kökündə daha maraqlı bir məqam var ki, nədənsə, çoxlarının diqqətindən yayınır. Söhbət ondan gedir ki, TQDK-nın dərsliklərlə bağlı gəldiyi nəticə ictimaiyyətə düzgün çatdırılmır. Və ya dərsliklərin monitorinqinin yekun nəticələri bilərəkdən, ya bilməyərəkdən düzgün yozulmur edilmir. Çünki hüquqi baxımdan Dövlət Komissiyasının həmin dərsliklərin tədrisinin qadağan edilməsi barədə qərar çıxarmaq səlahiyyəti doğrudan da yoxdur və əslində heç belə bir qərar çıxarılmayıb da. Sadəcə olaraq, TQDK-da dərsliklərin monitorinqini aparan komissiya qadağan olunmuş kimi yozulan dərsliklərin tədrisinin məqbul hesab edilməməsi barədə rəy verib. Yəni "qərar" kimi ictimaiyyətə təqdim olunan bu nəticə əslində rəydir. Rəy isə icrası məcburi olmayan təklif və ya göstərişə deyirlər.

İki dövlət qurumu arasındakı mübahisələrin məhkəmə çəkişməsinədək uzana biləcəyi də real deyil. Ən azı ona görə ki, mübahisənin məhkəmə predmeti sayılması üçün heç bir hüquqi əsas yoxdur. Yəni TQDK dərsliklərin tədrisinin ləğvi barədə qərar çıxarmayıb və bu səbəbdən nazirlik Dövlət Komissiyasına qarşı hansısa formada iddia qaldıra bilməz. TQDK da həmçinin.

Təhsil Nazirliyi ilə TQDK arasındakı dərslik savaşının xüsusi olaraq, bu şəkildə qabardılması hər şeydən əvvəl təhsilin inkişafına böyük zərbədir. Təhsil savaş, maraqların toqquşduğu döyüş meydanına çevrilməməlidir. Əksinə, hər cür mübarizə və mübahisələr elmin və təhsilin inkişafına, tərəqqisinə xidmət etməlidir. Bəli, dərsliklərdə çoxlu səhvlər, yanlışlıqlar var və TQDK-nın elan etdiyi kimi, Təhsil Nazirliyi bu səhvlərin olmadığını isbat edə bilməz. Ancaq dərsliklərdəki yanlışlıqlardan çıxan nəticəni yanlış şəkildə cəmiyyətə təqdim etməyin özü belə, daha böyük yanlış addımdır.