İranda 22 azərbaycanlı fəal futbol matçına görə saxlanılıb

28 Fevral 2013 11:44 (UTC+04:00)
İranda 22 azərbaycanlı fəal saxlanılıb. APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, həbslər fevralın 26-da Asiya Çempionlar Liqasının qrup mərhələsinin qrup oyunları çərçivəsində Təbrizin "Səhənd" stadionunda yerli "Traktor" komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əlcəzirə" komandası arasında keçirilmiş görüşdən sonra həyata keçirilib. Güney Azərbaycan Milli Azadlıq Hərəkatına bağlı bəzi xəbər saytları tutulanlardan bəzilərinin azadlığa buraxıldığını yazıblar.

Qeyd edək ki, "Traktor"un "Əlcəzirə"ni 3:1 hesabı ilə məğlub etməsi İranın Azərbaycan vilayətlərində və azərbaycanlılar yaşayan digər şəhərlərdə əhali tərəfindən böyük coşğu ilə qeyd edilib. 72 min nəfərlik stadionu 100 mindən çox azarkeş dolduraraq 90 dəqiqə boyunca "Yaşasın Azərbaycan!", "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Türk dilində mədrəsə!" şüarları səsləndirib, ingilis dilində "South Azerbaijan is not İran!" və "1992 Khojali Genocide" pankartlarını qaldırıblar. "Traktor"un qələbəsi ilə sona çatan oyun bitən kimi on minlərlə azərbaycanlı azarkeş küçələrə axışıb, nəqliyyatın hərəkəti dayanıb, Təbriz küçələri "Traktor" bayraqları ilə bəzədilib. Bundan əlavə, insanlar Azərbaycan əlifbasında "Qarabağ bizimdir, bizim olacaq!" şüarı yazılmış plakat qaldırıblar və şüarlar qaldırıblar. İran təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edib.

AzNews.az