Dustaqlar ombudsmanı həbsxanaya dəvət etdilər

28 Fevral 2013 13:13 (UTC+04:00)


12 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən bir qrup dustaq ölkə başçısına, Ombudsmana, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansa müraciət edərək saxlandıqları həbsxanada dözülməz vəziyyətdən, qanunsuzluqdan və işgəncə hallarından şikayət edərək kömək istəyiblər. Müraciətdə deyilir:

"Biz bildirmək istəyirik ki, sizlərə ünvanladığımız 1- ci müraciətdən sonra Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri 16 fevral 2013- cü ildə gəlib bizlərlə görüşdü. Məhkumlar onlara 12 saylı kalonda baş alıb gedən korrupsiya, işgəncə, özbaşınalıq halları barədə şikayət edib bu barədə məlumat verdilər. Bundan bərk qəzəblənən rəis Aftandil Ağayev şikayətçi məhkumları təxribata çəkib onları cəzalandırmağı qarşısına məqsəd qoyub. Artıq 10 şikayətçi ağır formada cəzalandırılıb. Rəis öz yerliləri olan bərdəli məhkumlardan ibarət "obşak" yaradıb ki, digər məhkumları onların köməkliyi ilə cəzalandırır. Kalonun təsərrüfatında 100 nəfər məhkumun işləməsi qeyd edilsə də 22 məhkum işləyir. 78 nəfərin adına imza atdırıb dustaqlara çatası əmək haqlarını mənimsəyirlər. İstehsalatdan əldə edilən qazancdan indiyə qədər gəlir vergisi verilməyib ki, bu da cinayət faktıdır.

12 saylı kalonda rəisin himayəsi ilə bərdəli dustaqlar xüsusi imtiyaza malik olmaqla digər dustaqları incidir, onları döyür və işgəncəyə, alçaldıcı münasibətə məruz qoyurlar. Yerlibazlıq, korrupsiya xəstəsi olan A. Ağayev həm də etik davranış qaydalarından çox uzaqdır. O dustaqlarla həmişə söyüşlə danışır. Kalonda korrupsiya, işgəncə, özbaşınalıq davam edir. Bir neçə gün öncə bərdəli məhkumlar 2 digər məhkumu vəhşicəsinə döydülər. Rəis bərdəli məhkumlardan ibarət həm "obşak", həm də qoçu dəstələri yaradıb. Biz sizlər, mətbuat vasitəsi ilə prezidentdən xahiş edirik ki, bizə kömək etsin. Ombudsman Elmira xanımdan xahiş edirik ki, özü bura gəlib bizi dinləsin".

AzNews.az