Mübariz Qurbanlı ABŞ kəşfiyyat orqanlarına irad tutdu

28 Fevral 2013 13:43 (UTC+04:00)



ABŞ Konqresi Nümayəndələr Palatasının xarici işlər komitəsində "Avrasiyada hərbiləşdirilmiş islam təhlükəsi" mövzusunda dinləmələr keçirilib. Dinləmələrdə iştirak edən "İrs" Fondunun eksperti Ariel Koenin çıxışında səsləndirdiyi fikirlər isə maraq doğurub. O, Amerika hökumətinə Azərbaycan və Gürcüstanda gerçəkləşdirilən antiterror proqramını genişləndirməyi, həmçinin bu ölkələrə Rusiya ilə sərhədləri möhkəmlətməkdə kömək etməyi təklif edib.

Digər çıxışçı Steven Blank Azərbaycanda daxili və xarici situasiyanı şərh edib. O İrandan qaynaqlanan təhlükəni "qeyri-intensiv, lakin Azərbaycana qarşı ardıcıl və uzunmüddətli təxribat, terrorçuluq və təhdid kampaniyası" kimi xarakterizə edib:"Azərbaycanın coğrafi mövqeyindən və enerji ehtiyatlarında qaynaqlanan təhlükəsizliyi ABŞ-ın həyati əhəmiyyətli maraqları dairəsinə daxildir və bu, məhz belə qəbul olunmalıdır".

Sözügedən müzakirələrdə qaldırılan məsələlər barədə AzNews.az-a fikirlərini açıqlayan hakim YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı hesab edir ki, bu gün Azərbaycanın sərhədləri boyunca hansısa ölkənin qüvvələrini yerləşdirməyə ehtiyac yoxdur: "Azərbaycan özü-öz sərhədlərini qorumağa qadirdir və hansısa təcavüz təhlükəsini də görmürük. Azərbaycan Ermənuistan tərəfindən təcavüzə məruz qalıb. Ermənistanla özümüzün bacarmaq imkanlarımız da var. Sadəcə olaraq Ermənistana kömək etməsəydilər Azərbaycan çoxdan işğalçı ölkə ilə məsələni həll edə bilərdi".
Amerikalı ekspertlərin belə bir formada məsələ qaldırmasının nəyə söykəndiyini, çağırışların nəyə əsaslandığını bilmədiyini vurğulayan M.Qurbanlı sərhədlərin möhkəmləndirilməsi mövzusunun bu qədər qabardılmasına ehtiyac duymadığını deyib:: "Əgər ABŞ kəşfiyyat orqanları hansısa təhlükənin varlığından xəbərdardılarsa onu açıq deməlidirlər. Mənsə belə bir təhlükə görmürəm".

Gültəkin
AzNews.az