“Facebook”-da İbrahimbəyov müzakirələri

28 Fevral 2013 15:50 (UTC+04:00)
Dramaturq Rüstəm İbrahimbəyovun əvvəllər bəyan etdiyinin əksinə olaraq mart ayında Azərbaycana qayıtmağı planlaşdırmaması sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. 309 min üzvü olan "Azərbaycana baxış" qrupunda BXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı "Rüstəm İbrahimbəyov aradan "cıxıb". Bundan sonra Bakıya qayıtmaq istəmir" deyə başlatdığı müzakirəyə çox sayda izləyici qoşulub ki, onların da arasında yazıçı-publisist Elçin Mirzəbəyli, millət vəkili Aydın Mirzəzadə, jurnalist Eynulla Fətullayev də olub.

Elçin Mirzəbəyli statusunda "Elşad+Əkrəm+Rüstəm = qardaş. Bunlardan yaradıcı üçlük çıxmaz. Elşad ortabab video-operatordur. Əkrəmin kinodramaturgiya sahəsində işləri olsa da xatırlamıram. Rüstəm isə kino dramaturqdur. 3-ü birində, yəni "Nescafe"-dən başqa bir şey alınmadı" deyərək rəy bildirib.

Millət vəkili Aydın Mirzəzadə isə "Heyif, çox heyif. Rejissor Rüstəm İbrahimbəyovu, azərbaycanlı Əkrəm Naibovu itirdik. Öz zirvələrini nəyəsə dəyişmək istədilər, alınmadı" deyə yazıb.

Eynulla Fətullayev isə müzakirələrdə Rüstəm İbrahimbəyov haqqında 6 ay əvvəl yazdıqlarıının həqiqətə çevrildiyini vurğulayıb. Jurnalistin fikrincə, Rüstəm İbrahimbəyov gözlənilmədən yaradıcılığı unudaraq vətəni Azərbaycanı xatırlayıb. "İbrahimbəyov ehtiyat aerodromunun - Azərbaycanın olduğunu xatırlayıb" deyə yazan E.Fətullayevun fikrincə, Rüstəm İbrahimbəyovun siyasətdən ayrılıb İbrus teatrına qaytarmağın yolu ona Kino Evini, statuslarını, ordenlərini qaytarmaqdan keçir.

Elnur Əzimov
AzNews.az