Bakıda orta məktəb müəllimlərinə xəbərdarlıq və töhmət verilib

1 Mart 2013 10:22 (UTC+04:00)
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146, elektron poçt ünvanı: qaynar-xett@edu.gov.az) yanvar ayında 658 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətlərin böyük bir qismi sorğu və məlumat xarakterlidir. Şikayət xarakterli müraciətlərin ümumi sayı 67 olub. Bu müraciətlər ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə əlaqədardır.

Yanvar ayında "Qaynar xətt" xidmətində ümumi təhsil müəssisələri ilə bağlı 47 şikayət qəbul edilib. Belə ki, Bakı şəhərindən 23, Sumqayıt şəhərindən 2, Gəncə şəhərindən 2, Qəbələ rayonundan 4, Biləsuvar, Şəki, Gədəbəy, Lerik rayonlarının hər birindən 2, Qusar, Ağcabədi, Neftçala, İsmayıllı, Bərdə, Xaçmaz, Tərtər, Qazax rayonlarının hər birindən 1 şikayət daxil olub. Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, texniki avadanlıqlar üçün pul yığılması, direktorların idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib. Bakı şəhər məktəbləri üzrə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 146 nömrəli tam orta məktəbin fizika müəlliminə töhmət verilib və 171 nömrəli məktəbin riyaziyyat müəlliminə isə xəbərdarlıq edilib.

İlk peşə-ixtisas təhsili müəssisələri ilə bağlı 1 müraciət daxil olub. Həmin müraciət Sumqayıt şəhər 3 nömrəli Peşə Məktəbi ilə əlaqədardır. Yanvar ayında ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı daxil olan müraciətlərin 19-da şikayət və nöqsanlardan bəhs edilir ki, onlardan da 9-u dövlət, 6-sı özəl ali, 4-ü isə orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.