Kommunal maxinasiyanın izi ilə

1 Mart 2013 13:03 (UTC+04:00)

Ölkəmizdə bir neçə dəfə əhalinin kommunal borclarının ləğvi ilə bağlı qərarlar verilib. Əhalinin əvvəlcə qaza, sonra isə suya görə olan borcları prezident sərəncamları ilə silinib. Bu qəbildən sonuncu dəfə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə 2011-ci il, 1 fevral tarixinə "Аzərsu" ASC-yə olan 294.2 milyon manat məbləgində borcu ləğv edilib.

Əsasında əhalinin illərlə yığılan borclarından azad olunması ilə yanaşı, əhaliyə xidmət göstərən müəssisələrin də düşdüyü çətin vəziyyətdən çıxarılması duran bu qərarlardan sonra vəziyyət necədir?

"Аzərenerji" ASC-nin və "Azəriqaz" İB-nin abonentlərinin sayı ildən-ilə artsa da, borclu olanların sayı haqqında heç bir məlumat yoxdur. Səbəbi isə qaranlıqdır. Belə ki, hər iki qurum ictimaiyyətə yığım üzrə mütəmadi məlumat versə də, borclularının sayını açıqlamır. Bunu isə müxtəlif cür izah edirlər.

Məsələn, "Azərenerji" ASC-də borclularin sayı ilə bağlı məlumatın verilməsini maliyyə hesabatının açıqlanması kimi dəyərləndirirlər.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Araz Ağayev isa bunu abonentlərinin hüquqlarının qorunması kimi izah edib. Onun sözlərinə görə, abonentlərlə qurum arasında imzalanan müqavilədə əksini tapan müvafiq bənd borcların açıqlanmasına imkan vermir.

Qeyd edək ki, ötən ilə qədər mətbuatda "Azəriqaz"-a borclu abonentlərin sayını görmək olurdu. Sonradan bu sahədə gizliliyə üstünlük verilməsi hansısa qaranlıq mətləblərdən xəbər verir.

Görünən isə odur ki, sərəncamlardan sonra əhalinin borcu azalsa da, qurumların fəaliyyətlərindəki şəffaflıq hələ də təmin olunmayıb.

"Azərenerji" ASC-dən Az.News.az-a rəsmi sorğudan sonra bu məlumatları təqdim edə biləcəkləri bildirilib. Həmin məlumatları əldə etdikdən sonra isə mövzuya qayıdacağıq.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov isə borclu abonentlərin sayının ictimaiyyətə açıqlanmasında hər hansı problem görmür. Onun sözlərinə görə, bu, qanunla qadağan olunmayıb: "48 il "Azəriqaz"da işləmişəm. Belə bir abonent müqaviləsi görməmişəm. Varsa, göstərsinlər görək o nə müqavilədir elə. Borcluların nəinki sayı, lazım gələrsə, adları da açıqlanmalıdır. Bu borcunu yığa bilməyən qurumların öz xeyrinədir.Borclu abonentlərin sayının açıqlanması heç kəsin mənafeyinə toxunmur və dövlət sirri də deyil".

Ruhiyyə
AzNews.az