Azərbaycanın tanınmış diktoru Hicran Hüseynov vəfat edib

1 Mart 2013 14:50 (UTC+04:00)
"Mədəniyyət" kanalının baş redaktoru, Azərbaycanın tanınmış teleaparıcısı, əməkdar artist Hicran Hüseynov vəfat edib.

APA-nın məlumatına görə, H. Hüseynov bu gün müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Tanınmış diktor uzun sürən xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Hicran Soltan oğlu Hüseynov 1942-ci il mayın 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram və Kino" aktyorluğu fakültəsini bitirib və təyinatla Sumqayıt Dövlət Dram teatrına aktyor kimi göndərilib. 1971-ci ildən AzTV-də əmək fəaliyyətinə başlayan Hicran Hüseynov ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, "Günün ekranı" və "Xəbərlər" proqramının daimi aparıcısı kimi fəaliyyətini davam etdirib.

2006-cı ildə respublika prezidentinin fərmanı ilə "Əməkdar artist" fəxri adına layiq görülüb.

AzNews.az