İlhamə Quliyeva Nazpəri Dostəliyevanı “Bandotdel”ə apartdırdı

1 Mart 2013 15:38 (UTC+04:00)
Xalq artisti Nazpəri Dostəliyeva onu polisə verən İlhamə Quliyeva ilə bağlı prezidentə müraciət edib. Müğənni "Qafqazinfo"ya sözügedən məsələ ilə bağlı açıqlama göndərib.

"Məni baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə dəvət edəndə əvvəl bunu kiminsə zarafatı kimi qəbul etdim. Daha sonra bu məsələnin həqiqət olduğunu öyrəndim və bildirdilər ki, məni İ. Quliyevanin şikayəti əsasında dəvət edirlər. Həmin idarənin bu tip işlərlə məşğul olmadığını, mənim isə heç bir qanuna zid əməl törətmədiyimi bilsəm də,qanunlarımıza hörmət əlaməti olaraq oraya gəldim idarədə İ. Quliyevanin şikayət ərizəsi ilə tanış olduqdan sonra nə həmin ərizədə göstərilən faktların həqiqətə uyğun olduğunu, nədə ki onların mənə aidiyyəti olduğunu bildirdim.

Çünki, mən nə heç bir kütləvi informasiya vasitələrində, nə də hər hansı başqa yerdə İ. Quliyevanın adını çəkməmişəm, onun barəsində hər hansı bir fikir söyləməmişəm. İdarəyə gələndən sonra İ. Quliyeva 106 FM radioefirində məni təhqir etməyə və öz dostu, general-polkovnik Mirqafar Seyidovla təhdid etməyə başladı.

O hər dəfə deyir ki, Mirqafar Seyidov onun yaxın dostudur. Axırıncı müğənniləri onun adı ilə qorxudur. Əgər general-polkovnik Mirqafar Seyidov onun dostudursa, o bütün müğənniləri onunla qorxuzduracaq.

Həmçinin, o deyir ki, "Space" televiziya şirkətinin prezidenti Vaqif Mustafayev də onun yaxın dostudur. Onun sözlərinə görə, onun icazəsi olmadan Vaqif Mustafayev müğənniləri efirə buraxmır.

Mən isə özümə və digər xalq artistlərinə mənim və onların ünvanlarına edilən davamlı təhqirlərə dözmək mümkün olmadığı üçün bir vətəndaş və xalq artisti kimi möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına, bir ana kimi millət vəkili, YUNESKONUN sülhməramli səfiri Azərbaycanin birinci xanımı Mehriban xanım Əliyevaya, törədilən qanuna zid əməllərin qarşısını almaq üçün isə daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni və digər xalq artistlərini, o cümlədən Məleykə Əsədovanı, Nisə Qasımovanı, Brilliyant Dadaşovanı, Səməd Səmədovu və s. təhdid edir. İndiyə kimi heç bir qalmaqallarda, münaqişələrdə adım heç vaxt hallanmayıb.

İlhamə Quliyeva öz dostları ilə həmişə şou-biznesdə hegemon qalmaq istəyir, özünü toxunulmaz elan edir. Bu insan canlı efirdə sənətdə ilk addımını atan müğənnilərə xalq artisti və digər titulları paylayır.

Mən başa düşmürəm, o mədəniyyət naziridir, yoxsa prezidentin köməkçisi?

İnanıram və əminəm ki, mənim hüquqlarım ən yüksək səviyyədə müdafiə olunacaq, bir xalq artisdi kimi həm bizlərə həm də ümumilikdə dövlətimizə və xalqımıza baş ucalığı gətirməyən bu cür halların qarşısı alınacaq. Bu annan bəri bütün bu işlərimi səlahiyyətli vəkilim Yunis Vəliyəvə həvalə etmişəm".

AzNews.az