İnstitut direktoru: “Hökumət təcili tədbirlər görməlidir”

2 Mart 2013 09:02 (UTC+04:00)


"Ölkəmizdə uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi ilə bağlı hökumət təcili olaraq ciddi tədbirlər görməlidir". Bunu AzNews.az-a Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov bildirib.

İnstitut direktorunun sözlərinə görə, hazırda Bakıda uşaqların 20 faizi, rayonlarda isə 10-12 faizi məktəbəqədər təhsilə cəlb edilir: "Bu olduqca kiçik rəqəmdir. Uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyindən icra hakimiyyətinin tabeliyinə verilib. Məktəbəqədər təhsilin yeni məzmun sənədi - kurikulum hazırlanıb. Ancaq hazırda 5 yaşlıların məktəbə hazırlıq prosesinin səviyyəsi razı qalmaq üçün əsas vermir".

A.Mehrabov problemi aradan qaldırmaq üçün təkliflərin Təhsil Nazirliyinə təqdim edildiyini vurğulayıb: "İlk növbədə yeni müəssisələr tikilməlidir ki, bütün uşaqlar məktəbəqədər təhsilə cəlb edilsinlər. İndiki halda isə boşluğu aradan qaldırmaq üçün biz məktəblərdə 5 yaşlılar üçün qısa müddətli hazırlıq qruplarının təşkil edilməsini təklif edirik. Hazırda bəzi məktəblərdə belə qruplar var. Ancaq bu pərakəndə haldadır və tələbləri ödəmir. Bu təklifin həyata keçməsi üçün ilk növbədə həmin qruplarda dərs deyəcək müəllimlərin əmək haqqı məsələsi həll edilməlidir".

Elnarə Əlosmanqızı
AzNews.az