Avropa Məhkəməsi: Ramil Səfərovla bağlı müraciət daxil olmayıb

2 Mart 2013 10:45 (UTC+04:00)
Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı zabit Ramil Səfərovla bağlı heç bir müraciət daxil olmayıb. Bu barədə APA-ya Avropa Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, erməni mətbuatında gedən məlumatlara görə, Ermənistan ədliyyə nazirinin müavini Ruben Məlikyan dünən bildirib ki, Budapeştdə azərbaycanlı zabit tərəfindən öldürülən Qurgen Markaryanın hüquqi varisləri və hadisə zamanı xəsarət alan Ayk Makuçyanın nümayəndələri Avropa Məhkəməsində Ramil Səfərovun təhvil verilməsinin qanunsuzluğu ilə bağlı Azərbaycan və Macarıstan əleyhinə iddia ərizəsi təqdim ediblər.

Qeyd edək ki, Ramil Səfərov erməni zabiti öldürdüyünə görə 2006-cı ildə ömürlük həbs cəzasına məhkum edilib. O ötən ilin avqustunda Azərbaycana təhvil verilib və həmin gün prezident İlham Əliyevin fərmanı ilə əfv olunub.

AzNews.az