“Hakimiyyət ortaya mövqe qoymalıdır” - İsa Qəmbər

2 Mart 2013 14:30 (UTC+04:00)

"Saakaşvilinin dedikləri İlham Əliyevlə söhbətləri nəticəsində yaranmış bir açıqlamadı. Yəqin ki, razılaşdırılmış açıqlamadı. Təbii ki, bir dövlətin başçısı belə bir açıqlama ilə çıxış edirsə o açıqlamaya diqqətlə yanaşılmalıdır. Eyni zamanda təhlükə olduğu həddə qiymətləndirilməlidir".

Bunu AzNews.az-a Müsavat Partiyasının başqanı İsa Qəmbər Gürcüstan prezidenti Mixail Saakaşvilinin çıxışına münasibət bildirərkən deyib. Başqan bildirib ki, ölkə üçün real təhlükə varsa, bu barədə cəmiyyət məlumatlandırılmalıdır, cəmiyyət ortaq mövqedən çıxış etməyi bacarmalıdır: "Həmçinin, ona da imkan verilməli deyil ki, hakimiyyətlər istər Azərbaycanda, istərsə də Gürcüstanda Rusiya təhlükəsindən istifadə edərək özlərinin daxili-siyasi problemlərini həll etməyə girsinlər. Bu onların işidir, amma cəmiyyət imkan verməli deyil ki, siyasətçilər, dövlət adamları, dövlət, millət maraqları adı altında öz şəxsi siyasi maraqlarını təmin etməyə başlasınlar".

Müsavatın başqanı "Saakaşvilinin dediyi təhlükə yaranarsa müxalifət hansı mövqedə duracaq" sualına belə cavab verib: "Onu hakimiyyət əsaslandırılmalıdır. Ortaya mövqe qoymalıdır. Eyni zamanda hakimiyyət istənilən halda hakimiyyət öz xalqına, öz cəmiyyətinə, insanına, gəncinə diqqətlə, qanunla yanaşmalıdır. Siyasi və vicdan məhbuslarını azad edilməsi təmin edilməlidir, cəmiyyətdə bir ümumi problemləri birgə qarşılayacaq ab-hava yaratmaq üçün müxalifət hər zaman fədakarlıq edir, ancaq bunu ilk növbədə hakimiyyət etməlidir".

İlkin
AzNews.az