Arda Turanın “Başakşehir”ə keçidi rəsmiləşdi

15 Yanvar 2018 13:25 (UTC+04:00)

Aznews.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalayıb.

İmzalama mərasimində iştirak edən "Başakşehir"in prezidenti Göksel Gümüşdağ transferin detallarını açıqlayıb. O bildirib ki, Turan "Barselona"dan pulsuz icarəyə götürülüb. Şərtlərə əsasən, təcrübəli yarımmüdafiəçi cari mövsüm üçün 2 milyon avro + bonus alacaq. Növbəti mövsümdə onun maaşı 4 milyon avro təşkil edəcək.

Kataloniyalılar Ardanı 2019-cu ildə başqa kluba satsalar, əldə olunan vəsaitin 20 faizini, satış 2020-ci ildə olarsa, 25 faizini "Başakşehir"ə verəcək. İstanbul klubu cari mövsümdə çempion olarsa, "Barselona"ya 300 min avro bonus ödəyəcək.

A.Turan yeni komandasında 14 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında “Atletiko”dan “Barselona”ya keçən Arda Turan cari mövsümdə meydana çıxmayıb. "Başakşehir" Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdir (report).