Təhsil İdarəsindən 8 mart açıqlaması

4 Mart 2013 11:26 (UTC+04:00)



"8 mart Beynəlxalq Qadınlar günüdür və paytaxt məktəblərində çalışan müəllimlərin də 90 faizi xanımlar olduğuna görə bu bayram ərəfəsində qadınları mütləq təbrik etmək lazımdır. Onlar şərəfli bir peşənin sahibləri kimi bu təbrikə layiqdirlər. Ancaq hər bir şagirdin öz sevimli müəlliminə ünvanlanan təbriki mütləq ürəkdən gəlməli, səmimi olmalıdır". Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

BŞTİ rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum məktəblərdə hər hansı ad altında pul yığılmasının qəti əleyhinədir : "Təhsil müəssisələrini rəhbərlərinə də bununla bağlı mövqeyimiz çatdırılıb, hər bir məktəbin direktoru idarənin mövqeyindən xəbərdardır. Onların öz məsuliyyətlərini dərk edərək cəmiyyətdə narazılıq yaranmaması üçün lazımı tədbirlər görəcəyinə də inanırıq. Bir neçə il əvvəl bununla bağlı narahatlıqlar var idisə, indi artıq bu narahatlıqlar aradan qalxır".

Z.Əliqızı valideynlərə də müraciət edərək məsələni ictimai müzakirəyə çıxarmamağa çağırıb.

Elnarə Əlosmanqızı
AzNews.az