Türkiyə parlamenti Xocalı soyqrımını niyə tanımır?

4 Mart 2013 11:30 (UTC+04:00)

Elxan Şahinoğlu

Azərbaycanın bəzi siyasi və ictimai dairələrində "Türkiyə Cumhurbaşqanı Abdulla Gül Serj Sərkisyanı niyə təbrik etdi" sualının ardından bir başqa sual da səslənir: "Türkiyə parlamenti Xocalı soyqrımını niyə tanımır?"
Bəri başdan deyək ki, hər iki sualda məntiq var. Ancaq məsələnin dərin köklərinə vardıqda Ankaranın strateji məqsədlərinin olduğu aşkarlanar.
Birinci məsələdən başlayaq. Gülün Sərkisyana ünvanladığı təbrikin Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun vaxtilə elan etdiyi "qonşularla sıfır problem" siyasəti ilə əlaqəsi yoxdur. Bunun arxasında başqa səbəblər dayanır. Birinci səbəb erməni lobbisinin "erməni soyqrımının" yüz illiyinə ciddi hazırlaşmasıyla bağlıdır. Ermənistan və erməni lobbisi dünyanın müxtəlif yerlərində konfranslar, seminarlar, xatirə konsertləri planlaşdırıblar. Bu sıraya "soyqrımın" daha çox ölkə tərəfindən tanınması işinin genişləndirilməsi də daxildir. Bu çalışmalar Ankaranı ciddi narahat edir, çünki "yüz illiyin" bu şəkildə təntənəli qeyd edilməsi mərasimləri Türkiyəyə əlavə problemlər yaradacaq. Bu işlər isə Serj Sərkisyanın növbəti hakimiyyət illərinə təsadüf edəcək. Odur ki, Gül bəri başdan Sərkisyana yollar axtarır, bir növü onun nəbzini yoxlayır.
İkinci səbəb Dağlıq Qarabağ münaqişəsinin uzanmasından Ankaranın duyduğu narahatlıqdır. Çünki, münaqişənin uzanması Azərbaycan kimi Türkiyənin də təhlükəsizlik maraqlarına toxunur. Həmsədr ölkələr olan Rusiya, ABŞ və Fransa illərlə gözləyə bilərlər, Türkiyənin isə gözləmə limiti əbədi deyil. Ankara iki məqsəd güdür. Birinci məqsəd ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal altındakı torpaqların boşaldılması mərhələsinə qədəm qoyulsun ki, bölgədə sabitlik atmosferi yaradılsın. İkinci məqsədi isə ondan ibarətdir ki, bu mərhələyə qədəm qoyulduqdan sonra Türkiyə Ermənistanla sərhədi açsın, bu ölkəylə diplomatik münasibətlərini bərpa etsin ki, artıq erməni lobbisinin və Türkiyəni "soyqırımla" zəiflətmək istəyən dövlətlərin əlindəki bəhanəni neytrallaşdıra bilsin.

Buna baxmayaraq, Türkiyə Cumhurbaşqanı Serj Sərkisyanı təbrik etməsəydi, heç kim onu qınamayacaqdı. Onsuz da iki dövlət arasında diplomatik münasibət yoxdur. Gül ən azı bu təbriki gecikdirə, məktubu hamıdan axırda göndərə bilərdi.
Gəldik ikinci məsələyə. Məntiq bundan ibarətdir ki, uzaq Meksika və Kolumbiya parlamentləri Xocalı soyqırımını tanıdıqları halda qardaş və strateji müttəfiq olan Türkiyənin Böyük Millət Məclisi niyə adekvat addım atmır?
Ankara bu addımı ona görə atmır ki, öz arqumentinin özünün əleyhinə çevrilməsini istəmir. Erməni lobbisi dünya ölkələrinə "soyqırımı" tanıtdırdıqda Ankaranın arqumenti bu olur: Qanunverici orqanlar və siyasətçilər bu işə müdaxilə etməməlidirlər, "soyqırımın" araşdırılması siyasətçilərin deyil, tarixçilərin işidir. Bunu deyərkən, Türkiyə parlamenti "Xocalı soyqrımını" tanısa, öz arqumentinə qarşı çıxmış olacaq. Ankara Xocalı soyqırımı ilə bağlı bircə parlament səviyyəsində addım ata bilmir, digər bütün - konfranslar, seminarlar, sərgilər, mitinq və yürüşlər səviyyəsində bu işdə ən fəal olanı da elə Türkiyədir.

Azərbaycanın bu gün Türkiyənin dəstəyinə həmişəkindən daha çox ehtiyacı var. Bölgədə vəziyyət gərginləşir, qonşu dövlətlərlə münasibətlərdə sualların sayı azalmır. Ona görə də, iki qardaş dövlət və strateji müttəfiq arasında münasibətlərə kölgə salmaq istəyənlər Ermənistanın dəyirmanına su tökmüş olurlar.
Azərbaycanın hərbi-sənaye kompleksinin və müdafiə sektorunun güclənməsində Türkiyənin rolu əvəzedilməzdir. Rusiya, Ermənistan ittifaqı bölgədə vəziyyəti gərginləşdirməklə məşğuldur, Azərbaycanı Xocalı hava limanını açmasıyla hədələyirlər. Bu isə lokal toqquşmaların genişlənməsinə rəvac verəcək. Azərbaycanın isə Kremllə İrəvanın təxribatçı planlarına təkbaşına müqavimət göstərməsi problematikdir. Belə olan halda Bakının Ankaranın dəstəyinə ehtiyacı olacaq. Odur ki, Azərbaycan-Türkiyə münasibətlərində sualların sayını artırmaq yox, strateji əlaqələri gücləndirmək vacibdir.