Azərbaycanda hərbi tibb komissiyaları ilə bağlı dəyişiklik olacaq

4 Mart 2013 12:38 (UTC+04:00)
Azərbaycanda həqiqi hərbi xidmətə çağırışla bağlı hərbi tibb komissiyaların ləğv olunaraq bu strukturun yeni formada, vahid tabeçilikdə təşkil olunması gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı bir qrup ictimaiyyət nümayəndələrin müraciəti və bir qrup deputatın təşəbbüsü əsasında "Hərbi xidmət və hərbi vəzifə haqqında" və "Hərbi xidməti keçmə" haqında qanuna əlavə və dəyişikliklər edilə bilər.

Nəzərdə tutulan layihəyə əsasən hərbi tibbi komissiyalar artıq yerli icra hakimiyyətlərinin qərarı ilə müxtəlif qurumların nümayəndələrindən təşkil olunmayacaq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid tabeçiliyində komissiya kimi yaradılacaq. Komissiyanın müvafiq olaraq rayonlar üzrə bölmələri də fəaliyyət göstərəcək. Eyni zamanda təkliflər arasında Xidmətin nəzdində xüsusi hərbi tibbi poliklinikaların də təşkili edilməsi də var. Poliklinikalarda həqiqi hərbi xidmətə çağırışçıların sağlamlığı, o cümlədən hərbi xidmətə psixoloji hazırlığı da yoxlanılacaq. Yeni nəzərdə tutulan layihəyə əsasən Komissiya üzvləri artıq cari dövr üzrə müxtəlif müəssisələrdən dəvət olunaraq yox, Xidmətin daimi işçiləri kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən hərbi tibbi komissiyalar cari dövr üzrə yerli rayon icra hakimiyyətlərinin qərarı ilə müxtəlif aidiyyəti şəxslərdən ibarət olaraq təşkil olunur. Komissiyaya müxtəlif müəssisələrdən müxtəlif sahələr üzrə həkimlər, ekspertlər dəvət olunur.

Qanunvericiliyə gözlənilən əlavə və dəyişikliklərə görə, hərbi çağırışçılar 16 yaşdan etibarən hərbi çağırış yaşına qədər ildə bir dəfə nəzərdə tutulan Komissiyalar tərəfindən sağlamlığın müxtəlif sahələri üzrə yoxlanışdan keçəcək, psixoloji dəstək alacaqlar. Hazırkı qanunvericiliyə görə isə hərbi çağırışçılar hərbi xidmətə qədər iki dəfə - 16 yaşda və hərbi xidmətə çağırışdan bir ay əvvəl tibbi yoxlanışdan keçirlər.

Onu da qeyd edək ki, layihənin yaxın zamanlarda parlamentdə müzakirəyə çıxarılması gözlənilir.

Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc APA-ya açıqlamasında bu dəyişikliyin tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, hazırkı durumda fəaliyyət göstərən hərbi tibbi komissiyalar effektli işləmir və bu strukturun ləğv olunaraq yeni qaydada yaradılmasına ciddi ehtiyac var: "İndiki gerçəklikdə həmin tibbi komissiyaların tərkibi müxtəlif xəstəxanalarda çalışan şəxslər hesabına formalaşdırılır və onların mövcud avadanlıqları çox məhduddur. Hətta onlar yoxlanış zamanı çağırışçıları özlərində yox, müxtəlif xəstəxanalarda yoxlanışdan keçməyə göndərirlər".

Hazırkı tibbi komissiyalarının sovet qalığı olduğunu deyən deputat da bunun ləğv olunmasının tərəfdarıdır. Z. Oruc da bunun əvəzində yeni formada yaradılacaq komissiyanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeçiliyində daimi fəaliyyət göstərməsinin və xüsusi hərbi poliklinikaların yaradılmasını vacib sayır. Deputat hərbi çağırışçıların hərbi xidmətə qədər yoxlanışdan keçməsi ilə bağlı dəyişikliyə də toxunub. O, hərbi çağırışa qədər yeniyetmələrin iki dəfə yox, bir neçə dəfə tibbi yoxlanışdan keçməsinin və psixoloji hazırlığının yoxlanmasının zəruri hesab edir və bununla bağlı təkliflə çıxış edir: "Yeniyetmənin, gələcək hərbi çağırışçının 2-3 illik müayinələrinin nəticələri barədə bütün tibbi məlumatları vahid məlumat bankında toplanmalıdır. Çünki birdəfəlik yoxlama zamanı hansısa xəstəlik özünü göstərməyə bilər. Bir sıra hallarda hər hansı bir hərbi hissədəki şəraitdən, ümumi vəziyyətdən, kəskin dəyişən qida rejimindən asılı olaraq əsgərdə olan xəstəliklər özünü göstərməyə başlaya bilər. Bu problemlər coğrafi dəyişiklik - aran bölgəsinin sakinin yüksək dağ regionunda xidmət keçməsi zamanı üzə çıxa bilər".

AzNews.az