Ermənistan hökuməti ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil - erməni deputat

18 Yanvar 2018 17:10 (UTC+04:00)

"Azərtac" xəbər verir ki, “Yelk” partiyasının rəhbəri, deputat Nikol Paşinyan parlamentin iclasında əhali ayağa qalxacağı təqdirdə heç bir qüvvənin bunun qarşısını ala bilməyəcəyini söyləyib. O deyib ki, ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır. Bu da vətəndaşların səbir kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arzusundadır. İllər keçir, amma ölkədə heç nə dəyişmir.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib ki, Ermənistandakı narazılıqlar Serj Sarkisyan hökumətinə münasibətin göstəricisidir. Artıq ölkədə qanlı mart hadisələrinin təkrarlanmasına zəmin yaranıb. Ermənistanda iqtisadi vəziyyət yaxşı deyil. Bu da aksiya keçirənlərin əsas narazı olduğu məqamlardandır. Gözlənilən etirazlar çevrilişlə də nəticələnə bilər. Ona görə də hakimiyyət silahlı qüvvələri insanların qarşısına çıxaracaq.

Politoloq Oleq Kusbnetsov qeyd edib ki, narazılıqların kökündə indiki siyasi rejimə qarşı yönələn aqressiya dayanır. Ermənistanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, heç bir siyasi rejim bu vəziyyətdə özünü doğrulda bilməz. Ölkə siyasi rejim dəyişsə belə problemləri həll etmək iqtidarında deyil. Çünki hakimiyyətdə bir millətçi qrup digərini əvəz edəcək. Belə olan halda isə yaxşıya doğru heç nə gözləməyə dəyməz.

Ermənistan mətbuatı isə hərbi-siyasi repressiyaların güclənəcəyini yazır. Bu isə işğalçı ölkədə ilk hal deyil. Ermənistan hakimiyyəti narazı vətəndaşlarını silah gücünə susdurmağa artıq adət edib.

AzNews.az