Eynulla Fətullayev Eldar Namazovu tənqid etdi

4 Mart 2013 20:12 (UTC+04:00)



Hüquq müdafiəçisi Eynulla Fətullayev haqqin.az saytında Ziyalılar Forumunun idarə heyətinin üzvü Eldar Namazov haqda yazı yazıb. "Üç Eldar Namazov" adlı məqalədə prezident katibliyinin sabiq rəhbəri, hazırda fəal siyasətdə olan Eldar Namazov ciddi şəkildə tənqid olunub.

E.Fətullayev mərhum Elmar Hüseynovun müəllifi olduğu "Azərbaycalılar – 21-ci əsrin milləti" yazısına görə hakimiyyətin apardığı çirkin kampaniyanın arxasında Eldar Namazovun dayandığını qeyd edir, eyni zamanda E.Namazovu "hakimiyyət qırğısı" adlandırır. Bundan başqa, yazıda E.Namazovun Rusiyanın adamı olması, PA daxilində intriqalara qoşulması, Mehdiyevə qarşı çıxdığı qeyd olunur.

Sitat: "1998-ci seçkilərinə qədər Namazov kimi siyasətçilərin ucbatından 3 min siyasi məhbus həbsxanaya düşdü və Eldar sərt idarəçiliyin əsas tərəfdarı kimi çıxış edirdi. "Panorama" qəzeti, "Şərq" agentliyi və digər KİV-lər vasitəsilə Eldar müxalifətə və liberallara qarşı mübarizə aparırdı.
Kəmaləddinin pulları ilə maliyyələşən "Space" kimi telekanal isə bu siyasətin əsas dayağı idi və ANS-dən fərqli olaraq yadfikirlilərə söz vermirdi".

Sonrakı bölümlərdə, Eldar Namazovun "YES" seçki blokundakı fəaliyyəti, qarşılaşdığı uğursuzluqları qeyd edən müəllif Ziyalılar Forumunu hədəfə alır, onun "incidilmiş və narazı İbrahimbəyov, unudulmuş Rafiq Əliyev və başqaları ilə birlikdə forum yaratdığı"nı qeyd edir: "O, böyük şahmat taxtasında kiçik fiquru xatırladır".

Qeyd edək ki, böyük həcmdə olan yazı E.Namazova qarşı kəskin ifadələrlə zəngindir. Eynulla Fətullayevin Eldar Namazova qarşı iddialarına onun özünün münasibətini öyrənmək istədik. Eldar Namazov Eynulla Fətullayevin iddialarına cavab vermək istəmədi: "Daha əvvəl də Rüstəm İbrahimbəyov və eləcə də Ziyalılar Forumu haqqında yazılar dərc olunub. Ancaq biz bu yazılara cavab vermək istəmirik. Hər şey o qədər aydındır ki, burda cavab verməyə ehtiyac yoxdur".

AzNews.az