Qubada ilginc kəşf: evin zirzəmisindən tarixi tikili çıxdı

5 Mart 2013 14:06 (UTC+04:00)
Qubada 200 ildən artıq yaşı olan qədim tikili aşkarlanıb. Quba şəhəri Ərdəbil küçəsi 90 ünvanında yaşayan sakinlər tərəfindən müəyyən edilən qədim tikili təsadüf nəticəsində ortaya çıxıb.

AzNews.az-a yerli sakinlərdən verilən məlumata görə, 95 yaşı olan evdə yaşayan 4 ailədən birinin təmir işləri tikintinin aşkarlanmasına səbəb olub. Eyvanın döşəməsini sökən zaman zirzəmiyə yol açılıb. Buraya daxil olan sakinlər təxminən 70 kvadrat metr sahəsi olan 8 guşəli tikili ilə rastlaşıb.

Bişmiş kərpicdən inşa edilən tikili 1 zal və 4 otaqdan ibarətdir. Burada sakinlər qədim sikkələr və ərəb əlifbası ilə əlyazma da tapıblar. Abidənin tikiliş forması və məscidə yaxınlığı onun vaxtilə mədrəsə kimi fəaliyyət göstərdiyindən xəbər verir. Mütəxəssislər abidənin 19-cu əsrə aid edir və 1924-cü ilədək Cümə məscidi ətrafında fəaliyyət göstərən mədrəsələrdən biri olduğunu ehtimal edirlər. Qeyd edək ki, yeni aşkarlanan tarixi tikili tarixi memarlıq abidələri siyahısına daxil edilməyib.

Mütəxəssislərin fikrincə arxeoloji qazıntılar aparılarsa, burada maraqlı tarixi faktlar üzə çıxar.

Ruhiyyə
AzNews.az