Suriyadan qaçan insanların sayı 1 milyona çatıb

6 Mart 2013 14:56 (UTC+04:00)
Suriyadan qaçaraq qonşu ölkələrə sığınan suriyalıların sayı 1 milyon nəfərə çatıb. APA-nın "Associated Press"ə istinadən yaydığı xəbərə görə, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyerres açıqlama verib. O bildirib ki, 1 milyon insan Suriyanı tərk edib, daha 1 milyon nəfər daxildə köçkün vəziyyətindədir, hər gün minlərlə insan sərhədi keçməyə davam edir. A. Qutyerresin fikrincə, durum geniş miqyaslı fəlakətə doğru gedir.

Qeyd edək ki, suriyalı qaçqınlar əsasən Türkiyə, Livan, İordaniya, İraq və Misirə üz tutur. A. Qutyerres deyib ki, həmin ölkələr bu qədər qaçqını qəbul etməkdə çətinlik çəksələr də, hələlik öz sərhədlərini açıq saxlayırlar. Artıq Livanın 4 milyonluq əhalisi suriyalıların hesabına 10% artıb. Türkiyə isə qaçqınlar üçün 17 çadır düşərgəsinin qurulmasına 600 milyon dollar xərcləyib.

AzNews.az