“Qanuni oğru”nun qızı qaçırıldı

7 Mart 2013 11:41 (UTC+04:00)


Bolqarıstanda "qanuni oğru" Evelin Banevin 10 yaşlı qızı Lara qaçırılıb. Onu "qanuni oğru"nun Sofiyadakı malikanəsindən məktəbə aparılan yerdə oğurlayıblar. Avtomobilin sürücüsünə atəş açan şəxslərin axtarışı hələlik nəticə verməyib.

"Brendo" ləqəbli "qanuni oğru" özü isə hazırda İtalyada həbsxanadadır. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ittiham elan edilib.

49 yaşlı avtoritet bundan əvvəl də çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıqda təqsirləndirilərək 7 il azadlıqdan məhrum edilmişdi.

İtalyada isə Brendo Latın Amerikasından kokain ticarətində ittiham edilir. 2004 – 2007-ci illərdə onun İtalyaya il ərzində 40 ton kokain gətirdiyi bildirilir.

Polis "qanuni oğru"nun qızının qaçırılmasının ona xəbərdarlıq məqsədi daşıdığını güman edir: " İtalyada gözlənilən məhkəmədə Brendonun susması üçün Laranın qaçırılması mümkündür".

Elnarə Əlosmanqızı
AzNews.az