"Sumqayıt" "Neftçi"ni əliboş yola saldı

17 Fevral 2018 22:00 (UTC+04:00)

Publika.az xəbər verir ki, "Sumqayıt" və "Neftçi" komandaları üz-üzə gəlib.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə penaltidən Tural Axundov açıb. Bundan 4 dəqiqə sonra Amil Yunanov fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Qolun vurulmadığı ikinci hissə gərgin anlarla yadda qalıb. 60-cı dəqiqədə "Neftçi"nin futbolçusu Rəşad Sadiqov "Sumqayıt"ın hücumçusu Ehtiram Şahverdiyevə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alaraq, meydandan qovulub. 68-ci dəqiqədə isə meydan sahiblərinin baş məşqçisi Samir Abasov baş hakim İnqilab Məmmədova etiraz etdiyi üçün texniki zonadan kənarlaşdırılıb.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 24-ə çatdıraraq, 4-cü pillədə möhkəmlənib. "Neftçi" isə 19 xalla 5-ci pillədə qalıb.

Turun son 2 oyunu fevralın 18-də keçiriləcək. Autsayderlərin mübarizəsində "Kəpəz" "Keşlə"ni qəbul edəcək. Lider "Qarabağ" isə "Səbail"in qonağı olacaq.

AzNews.az