Oğurlanmış işçilər

7 Mart 2013 12:50 (UTC+04:00)


Elxan SALAHOV

Gizli işçi! Gizli investor!
Qəribədir, deyilmi? İşləməyən şəxs, yaxud fəaliyyəti olmayan kommersiya şirkəti necə investor ola bilər? Yaxud işləməyən, fəaliyyəti olmayan investor ola bilərmi? Təbii ki, yox! Amma bizdə belə qəribəliklərə hər yerdə, özü də tez-tez rast gəlinir.

ANS televiziyasındakı "Doğrudan doğruya" verilişinin sosial sığortaya əsaslanan pensiya sisteminin indiki durumuna həsr edilmiş sonuncu buraxılışında iri şirkətlərdə məşğulluğun gizlədilməsi faktı növbəti dəfə etiraf olundu. O şirkətlər ki, nəinki Azərbaycanın özündə, hətta bəzən xaricdə də investisiya layihələri həyata keçirir. Amma həm də ölkənin ən iri vergi ödəyiciləri sayılan bu şirkətlər işçilərinin sayını gizlədir, vergi və sosial ödəmələr az olsun deyə, işçiləri ilə əmək müqavilələri imzalamır. Tikinti, nəqliyyat, ticarət, kənd təsərrüfatı sektorunda da eyni vəziyyətdir. Kəsəsi, işçilərin sayının gizlədilməsi, onlarla əmək müqavilələrinin bağlanmaması bütün sahələrdə ciddi problemdir .

Nəticə ondan ibarətdir ki, 2013-cü ilin birinci rübü yekunlaşmaq üzrədir, amma hökumət əmək pensiyalarının baza hissəsini hələ də artıra bilməyib. Halbuki rəsmi qurumlar ilin əvvəlindən əmək pensiyasının baza hissəsinin 15-20 faiz artırılacağını bəyan etmişdi. Amma belə görünür ki, sosial sığorta haqlarının yığımında ciddi irəliləyişlər olmasa, pensiya və müavinətlərin artırılması məsələsi ciddi sual altındadır. İndiki halda isə yalnız əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar aylıq pensiya məbləğlərinin sığorta hissəsi artırıla bilər. Lakin bu artımın da nə vaxtdan tətbiq olunacağı bəlli deyil.

Mövcud qanunvericilikdə pensiya və müavinətlərin il ərzində ən azı bir dəfə artırılması nəzərdə tutulur. Amma gerçəklik odur ki, bu artımlar dövlət büdcəsinin icra vəziyyətindən və sosial sığorta haqlarının yığımından asılıdır. Deməli, bütün işçilər real maaş əsasında sosial sığorta haqlarını ödəsə, pensiya və müavinətlərin ikinci dəfə artırılması realdır. Əks halda nəinki ikinci, hətta qanunda nəzərdə tutulan birinci artım da mümkün olmayacaq. Buna nail olmaq üçün hökumət hər şeydən əvvəl gizli məşğulluq və iş yerlərində ikili mühasibatlıq problemini həll etməlidir. Elə bu məsələyə görə məsuliyyət daşıyan məmurlar da başa düşür ki, ölkədə ikili mühasibatlığa qarşı mübarizəni gücləndirilməsə, sığortaya əsaslanan fərdi pensiya sisteminin tətbiqi mümkün olmayacaq. Yəni həm rəsmi dövlət təşkilatlarında, özəl qurumlarda, xüsusən də tikinti sektorunda işçilərin qeydiyyatı və onların real gəlirlərinin leqallaşdırılması ilə bağlı inzibati tədbirləri gücləndirilməlidir.

Nə qədər qəribə olsa da, işçi kimi rəsmi qeydiyyatda olmamağın gələcək sosial təminat hüquqlarının tanınmasına əngəl olacağını hamı başa düşür. Hər kəs anlayır ki, rəsmi işçi kimi qeydiyyata düşməməklə gələcəkdə yüksək pensiya almaq, əmək qabiliyyətinin itirilməsi, işsiz olmağına görə müavinət ala bilmək şanslarını məhdudlaşdırır. Amma işçilərin rəsmi qeydiyyata düşməsi, çalışdığı iş yeri ilə münasibətlərini əmək müqaviləsi əsasında qurması təkcə onların iradəsindən asılı deyil. Hamısı da mənim kimi müqavilə tələb eləməkdən ehtiyatlanır. Hamı qorxur ki, rəsmi işçi kimi qeydiyyata düşmək istəsə və işəgötürəndən əmək müqaviləsi tələb etsə, iş yerini itirmək təhlükəsi ilə üzləşəcək.

Bir acı həqiqət də var ki, əmək müqaviləsi olmadan çalışan və sosial sığorta haqları ödəməyən işçilərin mütləq əksəriyyəti özəl sektorun payına düşür. Təkcə bu fakt həmin sektorda xüsusilə muzdlu işçi kimi çalışanlar üçün ciddi siqnaldır. Deməli, belə işçilər gələcək sosial təminatının riskə atıldığının fərqində olmalıdır.