Ramil Usubov kral Salmanla görüşdü

20 Fevral 2018 22:54 (UTC+04:00)

AzNews.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti ilə krallığın daxili işlər naziri arasında görüş keçirilib.

Krallığının daxili işlər naziri ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb. R. Usubov isə səfərin nazirliklərarası əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə dövlətlərarası müqavilə-hüquqi bazasının təkmilləşdirilməsi çərçivəsində iki ölkənin Daxili İşlər nazirlikləri arasında işbirliyinin, cinayətkarlıqla mübarizədə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan hökumətlərarası protokol imzalanıb.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud R. Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Səudiyyə Ərəbistanı kralı beynəlxalq arenada ölkəsinin Azərbaycanı tam dəstəklədiyini vurğulayıb.

R. Usubov keçirdiyi görüşlər, aparılan danışıqlar barədə məlumat verib, bu səfərin ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə xidmət etdiyini bildirib.

Qəbulda və görüşlərdə ölkəmizin Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev iştirak edib.