Əhmədinejadın Çaves sevgisi başına bəla oldu

7 Mart 2013 13:47 (UTC+04:00)
İran prezidenti Mahmud Əhmədinejadın Venesuela prezidenti Uqo Çavesin ölümünə görə verdiyi başsağlığının bəzi məqamları və ölkədə matəm elan olunması bir sıra ruhanilərinin etirazına gətirib.

"Media forum" saytının məlumatına görə, İran Üləmalar Məclisinin üzvü Əhməd Xatəmi martın 6-da qurumun toplantısında çıxış edərək deyib ki, prezident başsağlığı məktubunda ifrata yol verib: "Prezident yaxşı bilirdi ki, onun belə bir başsağlığı verməsi dini dairələrin reaksiyasına səbəb olacaq. Prezidentin həmkarı vəfat edib. Ölkə prezidentinin bu haqda başsağlığı verməsi təbiidir. Lakin məsələ orasındadır ki, burada əqidə və dini çərçivəyə daxil olmadan diplomatik bir mesaj və ya başsağlığı vermək daha yaxşı olardı. Mən prezidentin bu başsağlığı məktubunda dini məsələlərə qarışmasını düzgün saymıram".

Qum dini dairəsinin axundu Mehdi Təbatəbayi isə jurnalistlərə açıqlamasında deyib ki, İran prezidentinin başsağlığı məktubunda yazdıqlarının nə dini, nə də qanuni əsası var: "Uqo Çavesin bir gün Həzrət Məsih və İmam Zamanla birlikdə qayıdacağı ilə bağlı dedikləri düzgün deyil. Bu söhbətlərin dini və qanuni əsası yoxdur. Bu, Əhmədinejadın şəxsi fikridir. Baxmayaraq ki, Uqo Çaves bizim dostumuz olub və dünya zülmkarlarına qarşı mübarizə aparıb, onun üçün ölkədə bir gün ümumi matəm elan olunması da düzgün deyil. Bu, səhv addım idi. Təəssüflər olsun ki, bu da bizim cəmiyyətdə baş verən ifratçı hərəkətlərdən biridir. Bunun kökündə isə siyasi oyunlar dayanır".

İran hökuməti Uqo Çavesin ölümünə görə martın 6-nı ölkədə ümumi matəm günü elan edib. Matəm qərarı prezident Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən hökumət iclasında çıxarılıb.

Əhmədinejad həmçinin Venesuelanın vitse-prezidenti Nikolas Maduroya başsağlığı məktubu yazaraq Çavesi "mömin", "hizbullahçı" və "şəhid" adlandırıb: "Şübhəli ölümü ilə aramızdan gedən Çaves insani və inqilabi dəyərlərin qorunub saxlanması uğrunda qurban gedən bir şəhiddir. Çaves Latın Amerikasının iftixarlı, lakin kədərli tarixində inqilabçıların qəhrəmanı və mübarizə simvoludur. Şübhə yoxdur ki, o qayıdacaq. Bəli, Çaves bir gün Həzrət İsa Məsih və paklar nəslinin yeganə yadigarı olan kamil insanla (Həzrət Mehdi nəzərdə tutulur – red) birlikdə qayıdıb yer üzündə mehribanlıq, sülh və ədalətin bərqərar olunmasında bəşəriyyətə yardım göstərəcək".

AzNews.az